Troy Parrott və Cafet Tanqanqa “Tottenhem”i tərk etdilər

İngiltərənin “Tottenhem” klubunun gənc hücumçusu Troy Parrott bundan sonra “Alkmaar” komandasının uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Niderland klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Sözügedən klub 22 yaşlı forvard 4 milyon avro müqabilində tamhüquqlu əsasda heyətinə qatıb. İrlandiyalı hücumçu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Troy Parrott “Tottenhem”in yetirməsidir. Amma gənc hücumçu bu klubun əsas komandasında cəmi 4 oyun keçirib. Əvəzində o, “Milluol”, “İpsviç Taun”, “Milton Kins-Dons”, “Preston Nort End”, “Ekselsior” kimi klublarda icarədə oynayıb.

İrlandiyanın U-17, U-19 və U-21 yığmalarında da oynamış Parrott, 2019-cu ildən əsas millidə çıxış edir. O, İrlandiya milli komandasının heyətində meydana çıxdığı 23 oyunda 5 qol vurub, 2 assistlə yadda qalıb.

Ötən mövsümün dövrələrarası fasiləsi zamanı “Milluol”a icarəyə verilmiş müdafiəçi Cafet Tanqanqa da “Tottenhem”dən ayrılıb. O, London təmsilçisini azad agent kimi tərk edib. Əslən Konqo Demokratik Respublikasından olan ingiltərəli futbolçu “Milluol”la rəsmi müqavilə imzalayıb. Onun bu klubla müqaviləsinin müddəti və digər detalları açıqlanmır.

Xatırladaq ki, Cafet Tanqanqa da “Tottenhem”in yetirməsidir. 24 yaşlı futbolçu “mahmızlar”ın əsas komandasında 50 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 25 yaşlı müdafiəçi ötən mövsüm “Milluol”dan öncə Almaniyanın “Auqsburq” klubunda da icarədə olub.

Tanqanqa İngiltərənin aşağı yaş qrupları üzrə əksər yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: