Bu yay Almaniyada keçiriləcək Avropa çempionatında (AÇ-2024) mübarizə aparacaq Türkiyə millisində müdafiəçi Çağlar Söyüncü sıradan çıxıb.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
İcarə əsasında “Fənərbaxça”da çıxış edən 28 yaşlı futbolçu Türkiyə Super Liqasının 38-ci turunun “İstanbulspor”la matçında (6:0) ayaq əzələsindən zədə alıb. Bu üzdən də mərkəz müdafiəçisi qarşıdakı Avropa çempionatında komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Türkiyə yığması 14 iyun – 15 iyul aralığında baş tutacaq AÇ-2024-də Portuqaliya, Çexiya və Gürcüstanla eyni qrupda mübarizə aparacaq.
Xatırladaq ki, Çağlar Söyüncü müqavilə ilə İspaniyanın “Atletiko” klubuna məxsusdur. O, 2023-cü ilin iyul ayından Madrid təmsilçisində çıxış etsə də, bu komandanın heyətində cəmi 9 rəsmi matça çıxıb. 28 yaşlı müdafiəçinin “Fənərbaxça” karyerası isə 16 oyun, 2 qol və 1 məhsuldar ötürmədən ibarətdir.
Çağlar “Atletiko”dan öncə “Lester Siti”, “Frayburq”, “Altındordu” kimi klubların da formasını geyinib. O, Türkiyənin müxtəliş yaş qrupları üzrə yığmalarında oynadıqdan sonra 2016-cı ilin martında əsas millidə debüt edib. Müdafiəçi yığmada indiyə qədər 55 oyuna çıxıb, 2 qola da imza atıb.
“Transfermarkt” internet-portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.


