Türkiyə Super Liqasını tərk edəcək ilk komanda bəlli oldu

2023/2024 mövsümünün yekununda futbol üzrə Türkiyə Super Liqasını tərk edəcək ilk komandanın adına aydınlıq gəlib.

Arena.az xəbər verir ki, Super Liqanın 33-cü turunun oyunlarından sonra aşağı liqaya düşən ilk komanda “İstanbulspor” olub.

Sözügedən komandanın 33-cü tur çərçivəsində doğma meydanda “Fatih Karagümrük”ə 1:2 hesabla məğlub olması “İstanbulspor”un aşağı liqaya düşməsini dəqiqləşdirib. Mövsümün sonuna 5 tur qalmış İstanbul təmsilçisinin elitada qalmaq üçün bütün şansları tükənib.

Bu nəticə ilə “Fatih Karagümrük” xallarını 33-ə yüksəldibsə, “İstanbulspor” 16 xalla sonuncu pillədə qalıb. İstanbul təmsilçisi növbəti turda səfərdə “Alanyaspor”la qarşılaşacaq. Amma çempionatın aşkar autsayderi nəinki Alanya təmsilçisinə, qalan oyunlarında da qalib gəlsə, yenə elita ilə vidalaşacaq.

Qeyd edək ki, Türkiyə Super Liqasını tərk etməyə hazırda ən real namizədlər “Pendikspor”, “Qaziantep” və “Hatayspor”dur. Bu komandaların hesabında müvafiq olaraq 30, 31 və 33 xal var. “Pendikspor” 19-cu, “Qaziantep” 18-ci, “Hatayspor” 17-ci pillədə qərarlaşıb. 16-cı pillədə qərarlaşmış “Fatih Karagümrük”ün də 33 xalı var.

Reqlamentə əsasən, bu mövsüm Super Liqanı dörd komanda tərk edəcək. TFF 1-ci Liqadan Super Liqaya gələcək ilk komanda da məlumdur. Bu, Arda Turanın çalışdırdığı “Eyüpspor”dur.

Türkiyə Super Liqasına hazırda 87 xalla “Qalatasaray” liderlik edir. İstanbul nəhəngini əzəli rəqibi “Fənərbaxça” izləyir – 85 xal. “Trabzonspor” 55 xalla 3-cü, “Beşiktaş” 51 xalla 4-cü, “Başakşəhər” 49 xalla 5-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: