İngiltərə Premyer Liqasının “Çelsi” – “Mançester Siti” oyunu (4:4) “zadəganlar”ın müdafiəçisi Tyaqo Silva üçün əlamətdar olub.
Arena.az “Opta Sports” statistik dərgisinə istinadən məlumat verir ki, braziliyalı futbolçu “şəhərlilər”in qapısına qol vurmaqla, Premyer Liqa tarixində 39-dan yuxarı yaşda qol vurmuş 4-cü futbolçu kimi tarixə düşüb. Vurğulayaq ki, bu qol Tyaqo Silvanın həm də cari mövsümdə vurduğu ilk qoldur.
Tyaqo Silvaya qədər 39 yaşından sonra Premyer Liqada qol vurmağı yalnız Din Uindass, Teddi Şeringem və Rayan Giqqz bacarıb.
Tyaqo 2020-ci ilin avqustundan “Çelsi”də çıxış edir. Mərkəz müdafiəçisi “zadəganlar”ın düşərgəsinə PSJ-dən azad agent qismində keçib. Tyaqonun “zadəganlar”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Silva “zadəganların heyətində 12 oyun keçirib və 1 qol vurub. Ümumilikdə isə braziliyalı müdafiəçinin “Çelsi”də statistikası belədir: 129 oyun, 6 qol, 4 məhsuldar ötürmə.
Tyaqo Silva müasir futbolun taktiki və strateji baxımdan ən güclü müdafiəçilərindən biridir. 2005/2006 mövsümündə Moskva “Dinamo”suna transfer edilmiş Tyaqo ağır vərəm xəstəliyinə tutulmasına və futbolla vidalaşmaq təhlükəsinə rəğmən, dəhşətli xəstəliyə qalib gələrək yaşıl meydanlara dönməyi bacarıb. “Bədheybət” ləqəbi ilə məşhur olan futbolçu “Fluminense”, “Milan” və PSJ-də də çıxış edib.
Silva 2008-ci ilin oktyabrında debüt etdiyi və mütəmadi olaraq kapitan sarğısını daşıdığı Braziliya millisinin heyətində 113 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Müdafiəçi “selesao” ilə 2012 Konfederasiyalar Kubokunu, 2019 Amerika Kubokunu qazanıb, həmçinin zədələnərək ehtiyatda qaldığı DÇ-2014-də fəxri 4-cü yeri tutub. Bununla yanaşı, Tyaqo Silvanın medal kolleksiyasında 2021 Amerika Kubokunun gümüş, Yay Olimpiya Oyunlarının bürünc (2008) və gümüş (2012) medalları var.
“Transfermarkt” internet-portalı 38 yaşlı Tyaqo Silvanı 2 milyon avro məbləğində qiymətləndirir.


