“Çelsi”nin braziliyalı mərkəz müdafiəçisi Tyaqo Silva sosial şəbəkələrdə komandasının azarkeşinin tənqidini cavablayıb.
Arena.az xəbər verir ki, “Çelsi” azarkeşlərindən biri braziliyalı müdafiəçinin əsas heyətdən çıxarılmasını tələb edən yazı dərc edib:
“Tyaqo ilə oynamaq problemə çevrilir, çünki onu heyətə sıxmaq üçün beş müdafiəçidən istifadə etmək lazım gəlir. Dörd müdafiəçi ilə oynayaraq, biz irəlidə daha yaxşı hərəkət edərdik, arxada isə itkilərə çox yol verməzdik. Tyaqoya hörmətdən başqa bir şey deyil, amma düşünürəm ki, hazırda bizə onsuz daha yaxşı olardı”, – azarkeş fikir yürüdüb.
Öz növbəsində, təcrübəli veteran mərkəz müdafiəçisi məsuliyyəti üzərinə alaraq, azarkeşi cavablamaq qərarına gəlib:
“Diqqətlə baxsan, biz dörd müdafiəçi ilə oynayırıq, dostum. Uğursuzluğa görə mən də məsuliyyət daşıyıram, desəm, heç bir qəbahəti yoxdur. Mənə təzyiq edə bilərsiniz, dünən bununla bağlı heç bir problem yox idi”, Silva peşəkarlıq nümayiş etdirib.
“Bədheybət”in zəngin karyerası
Tyaqo Silva 2020-ci ildən “Çelsi”də çıxış edir. Braziliyalı müdafiəçinin “Çelsi” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə Silva “zadəganların heyətində 4 oyun keçirib və hələlik məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Ümumilikdə isə Tyaqo Silvanın “Çelsi” statistikası belədir: 121 oyun, 5 qol, 4 məhsuldar ötürmə.
Tyaqo Silva müasir futbolun taktiki və strateji vaxımdan ən güclü müdafiəçilərindən biridir. Braziliyalı müdafiəçi psixoloji sabitliyi, qətiyyətli xasiyyəti ilə səciyyəvi liderdir. 2005/2006 mövsümündə Moskva “Dinamo”suna transfer edilmiş Tyaqo ağır vərəm xəstəliyinə tutulmasına və futbolla vidalaşmaq təhlükəsinə rəğmən, dəhşətli xəstəliyə qalib gələrək yaşıl meydanlara dönməyib bacarıb. Tyaqo Silva “Bədheybət” ləqəbi ilə məşhurdur və “Fluminense”, “Milan” və PSJ-də uğurla çıxış edib və bütün karyerası ərzində olduqca sabit, həmçinin səliqəli oyun tərzi ilə seçilir. “Bədheybət” çıxış etdiyi bütün komandalarla çoxlu kuboklar qazana bilib.
Silva 2008-ci ilin oktyabrında debüt etdiyi və mütəmadi olaraq kapitan sarğısını daşıdığı Braziliya millisinin heyətində 113 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Müdafiəçi “selesao” ilə 2012 Konfederasiyalar Kubokunu, 2019 Amerika Kubokunu qazanıb, həmçinin zədələnərək ehtiyatda qaldığı DÇ-2014-də fəxri 4-cü yeri tutub. Bununla yanaşı, Tyaqo Silvanın medal kolleksiyasında 2021 Amerika Kubokunun gümüş, Yay Olimpiya Oyunlarının bürünc (2008) və gümüş (2012) medalları var.
“Transfermarkt” internet-portalı 38 yaşlı Tyaqo Silvanı 2 milyon avro məbləğində qiymətləndirir.
Xatıraladaq ki, İngiltərə Premyer Liqasının 4-cü turu çərçivəsində “Stemford Bric”də “Nottingem Forest”i qəbul etmiş “Çelsi” 0:1 hesabı məğlub olub. 4 turdan sonra “Çelsi” 4 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. “Zadəganlar” 1 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət yaşayıblar, topların fərqi isə 5:5-dir. Premyer Liqada 12 xalla “Mançester Siti” liderlik edir.


