İngiltərənin “Çelsi” klubu müdafiəçi Tyaqo Silva ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
37 yaşlı oyunçu ilə 1 illik yeni müqavilə imzalanıb. Yeni müqaviləyə əsasən, braziliyalı müdafiəçi 2022/23 mövsümünün sonuna qədər “zadəganlar”ın uğurları üçün çalışmağa davam edəcək.
Tyaqo Silva 2020-ci ilin yayından “Çelsi”nin uğurları üçün çalışır. O, ötən mövsüm bu komandanın heyətində UEFA Çempionlar Liqasının qalibi olub. London təmsilçisində indiyə qədər 56 oyun keçirmiş Tyaqo, bu görüşlərdə 4 qol da vurub.
Silva Braziliya millisində 102 oyun keçirib, 7 qola imza atıb. O, karyerası ərzində “RS Futebol”, “Yuventude”, “Portu”, “Fluminense”, “Milan” və PSJ klublarının da uğurları üçün çalışıb.



