Tyaqo Silva: “Premyer Liqadakı futbol heç vaxt xoşuma gəlməyib”

“Çelsi”nin brazilyalı mərkəz müdafiəçisi Tyaqo Silva “zadəganlar”a qoşulmazdan əvvəl İngiltərə Premyer Liqası haqda fikirlərini paylaşıb.

Arena.az ESPN portalına istinadən məlumat verir ki, o, Premyer Liqaya keçidinə qədər burada çıxış edən komandaların nümayiş etdirdiyi futbolu bəyənmədiyini bildirib:

“Hörmətlə, bu mənim sevmədiyim futbol tərzi idi. Bura gəlməmişdən əvvəl bunun çoxlu hava mübarizəsindən və “ora qaç, burada döyüş” mahiyyətindən ibarət olduğunu düşünürdüm.
Hava mübarizəsində yaxşı olsam da, bu oyun tərzi mənə heç vaxt xoş gəlməyib. Burada oynayacağımı düşünmürdüm.

Məncə, Premyer Liqada futbolun dəyişməsinə cavabdeh olan şəxslərdən biri də “Pep” Qvardioladır, elə deyilmi? O, daha çox oyunun özünə diqqət yetirir. Bu, izləmək üçün gözəl futboldur. Həmin andan mən ingilis futbolu ilə maraqlanmağa başladım. Beləliklə, təklif “Çelsi”dən gələndə iki dəfə düşünmədim”, deyə Tyaqo bildirib.

Tyaqo Silva 2020-ci ilin avqustundan “Çelsi”də çıxış edir. Braziliyalı müdafiəçi “zadəganlar”ın düşərgəsinə PSJ-dən azad agent qismində keçib. Tyaqonun “zadəganlar”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Silva “zadəganların heyətində bütün yarışlarda 20 oyun keçirib və 1 qol vurub. Ümumilikdə isə braziliyalı müdafiəçinin “Çelsi”də statistikası belədir: 137 oyun, 6 qol, 4 məhsuldar ötürmə.

Silva müasir futbolun taktiki və strateji baxımdan ən güclü müdafiəçilərindən biridir. 2005/2006 mövsümündə Moskva “Dinamo”suna transfer edilmiş Tyaqo ağır vərəm xəstəliyinə tutulmasına və futbolla vidalaşmaq təhlükəsinə rəğmən, dəhşətli xəstəliyə qalib gələrək yaşıl meydanlara dönməyi bacarıb. “Bədheybət” ləqəbi ilə məşhur olan futbolçu “Fluminense”, “Milan” və PSJ-də də çıxış edib.

Silva 2008-ci ilin oktyabrında debüt etdiyi və mütəmadi olaraq kapitan sarğısını daşıdığı Braziliya millisində 113 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Müdafiəçi “selesao” ilə 2012 Konfederasiyalar Kubokunu, 2019 Amerika Kubokunu qazanıb, həmçinin zədələnərək ehtiyatda qaldığı DÇ-2014-də fəxri 4-cü yeri tutub. Bununla yanaşı, Silvanın medal kolleksiyasında 2021 Amerika Kubokunun gümüş, Yay Olimpiya Oyunlarının bürünc (2008) və gümüş (2012) medalları var.

“Transfermarkt” internet-portalı 39 yaşlı braziliyalı mərkəz müdafiəçisinin tansfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: