Tyaqo Silva PSJ layihəsini tənqid etdi

“Çelsi”nin braziliyalı mərkəz müdafiəçisi Tyaqo Silva əvvəllər çıxış etdiyi PSJ layihəsinin modelini tənqid edib.

Arena.az “The Guardian” nəşrinə istinadən təcrübəli futbolçunun bu xüsusda fikirlərini təqdim edir:

“Sən yalnız çox pula sahib olduğun müqabilində heç vaxt heç nəyə nail olmayacaqsan. Futbol belə işləmir. İstədiyiniz şey üçün dəqiq bir planınız yoxdursa, heç bir şey alınmayacaq.
Hər şeydən əvvəl, ölkə daxilində hörmət qazanmalısan ki, sonra onun hüdudlarından kənarda hörmət qazana biləsən. Biz bunu etmədik, əksinə etdik. Biz xaricdə sevilmək istəyirdik, amma vətəndə hörmət olunmaq üçün heç nə etmədik”, deyə Silva Fransa nəhənginin tərəqqi siyasətini tənqid edib.

Tyaqo Silva “Çelsi”də 2020-ci ilin avqustundan çıxış edir. O, London klubuna PSJ-dən azad agent qismində keçib. Tyaqonun “zadəganlar”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Tyaqo “zadəganların heyətində 10 oyun keçirib və hələlik məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Ümumilikdə isə onun “Çelsi” statistikası belədir: 127 oyun, 5 qol, 4 məhsuldar ötürmə.

Tyaqo müasir futbolun taktiki və strateji baxımdan ən güclü müdafiəçilərindən biridir. 2005/2006 mövsümündə Moskva “Dinamo”suna transfer edilmiş Tyaqo ağır vərəm xəstəliyinə tutulmasına və futbolla vidalaşmaq təhlükəsinə rəğmən, dəhşətli xəstəliyə qalib gələrək yaşıl meydanlara dönməyi bacarıb. “Bədheybət” ləqəbi ilə məşhur olan futbolçu “Fluminense”, “Milan” və PSJ-də də çıxış edib.

Silva 2008-ci ilin oktyabrında debüt etdiyi və mütəmadi olaraq kapitan sarğısını daşıdığı Braziliya millisinin heyətində 113 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Müdafiəçi “selesao” ilə 2012 Konfederasiyalar Kubokunu, 2019 Amerika Kubokunu qazanıb, həmçinin zədələnərək ehtiyatda qaldığı DÇ-2014-də fəxri 4-cü yeri tutub. Bununla yanaşı, Tyaqo Silvanın medal kolleksiyasında 2021 Amerika Kubokunun gümüş, Yay Olimpiya Oyunlarının bürünc (2008) və gümüş (2012) medalları var.

“Transfermarkt” internet-portalı 38 yaşlı Tyaqo Silvanı 2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: