Futbol üzrə İngiltərə Çempionşipində mübarizə aparan “Birmingem Siti” komandasının baş məşqçisi Ueyn Runi vəzifəsindən istefa verib.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.
İngilis mütəxəssis komandanı 2023-cü ilin oktyabrında qəbul etmişdi. “Mavilər” Runinun rəhbərliyi altında 15 oyun keçiriblər və cəmi 2 oyunda qələbə qazanıblar. Qalan oyunlarda Runi 4 heçə-heçə və 9 məğlubiyyət yaşayıb. Üstəlik, komandanın son 5 rəsmi oyunda qələbə qazana bilməməsi rəhbərliyin səbr kasasını daşdırıb. Klub rəhbərliyi Runiyə komandanı çalışdırdığı müddətdə əməyinə və səylərinə görə təəşkkürünü bildirərək, ingilis mütəxəssisi vəzifəsindən azad edib.
Hazırda “Birmingem Siti” Çempionşipdə keçirdiyi 26 oyundan 28 xal toplayıb və turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb.
“Birmingem Siti”nin baş məşqçi vəzifəsi boş olaraq qalır. Yanvarın 6-da “mavilər” “Hall Siti” ilə səfər oyununa yollanacaqlar.
Xatırladaq ki, futbolçu karyerası ərzində “Everton” və “Mançester Yunayted”dəki çıxışları ilə məşhurlaşmış Runi, məşqçiliyə 2019-cu ildə başlayıb. Runi İngiltərədə “Derbi Kaunti”yə də rəhbərlik edib. “Birmingem Siti”dən öncə isə o, “Di Si Yunayted”in (ABŞ) baş məşqçisi olub.


