Ueyn Runi cərimələnə bilər – Görün ictimai yerdə nə edib?

Hazırda məşqçi olaraq fəaliyyət göstərən, amma işsiz olan, “Mançester Yunayted”in keçmiş hücumçusu Ueyn Runi cərimələnə bilər.

Arena.az bu barədə “Daily Mail” nəşrinə istinadən məlumat verir.

Belə ki, Runi ictimai yerdə işəməkdə təqsirli bilinir. O, London küçələrinin birində divara işəyən yerdə gözə çarpıb. Hadisə gecə vaxtı baş verib. Runi London barlarının ikisində dostları ilə məclis qurub əyləndikdən sonra, əhlikeflər dəm halda küçəyə çıxıblar. Həmin gecənin hadisələri videomüşəhidə kameralarına düşüb.

Vurğulayaq ki, Böyük Britaniyada ictimai yerdə işəmək cinayət tərkibli əməl hesab edilə bilər və nəhəng cərimələr, həmçinin məhkəmə təhqiqatı ilə nəticələnə bilər.

Runin divara işədiyi yerdə, Vestminsterdə şəhər şurası ictimai yerdə işəməyə görə 1000 funt-sterlinq məbləğində cərimələr tətbiq edir. Ancaq London polisi vurğulayıb ki, Runinin bu əməlindən heç bir şikayət daxil olmayıb.

Vurğulayaq ki, bu, Runinin iştirakı ilə ilk belə hal deyil. 2013-cü ildə Runi Mançesterin Dalton küçəsində zibil yeşiyinin dibinə işəyərkən gözə dəymiş və şəkli çəkilərək, rüsvayi-cahan olmuşdu.

Əlavə edəki, Ueyn Runi köhnənin əyyaşıdır. Ueyn hələ futbolçu vaxtından yaxşıca “vurmağı” – spirtli içkilər qəbul etməyi sevir.

Müsahibələrinin birində Runi lülqənbər olana qədər “gillətdiyini”, sonra isə özünü buraxdığını etiraf etmişdi.

Hazırda məşqçi olaraq fəaliyyət göstərən, amma işsiz olan Ueyn Runi bir futbolçu kimi “Everton”un yetirməsi olub. “Qənnadçılar”ın düşərgəsindən “Mançester Yunayted” keçmiş Runi məhz “qırmızı şeytanlar”ın heyətində parlayıb. Runi 2004-2017-ci illərdə “qırmızı şeytanlar”ın heyətində 559 oyun keçirib, 253 qol vurub, 140 məhsuldar ötürmə verib.

Ueyn Runi “Mançester Yunayted”lə İngiltərə Premyer Liqasını (5 dəfə), İngiltərə Kubokunu, İngiltərə Liqa Kunokunu (4 dəfə), İngiltər Super Kubokunu (4 dəfə), Çempionlar Liqasını, Avropa Liqasını, FIFA Klub Dünya Kubokunu qazanıb, həmçinin çoxsaylı fərdi mükafatlara layiq görülüb.

Runi 2003-cü ilin fevral ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 120 oyuna 53 qol və 21 məhsuldar ötürmə ilə fərqlənib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: