Ueyn Runi “Plimut Arqayl” ilə vidalaşdı

Çempionşip təmsilçisi “Plimut Arqayl”ı çalışdıran ingilis mütəxəssis Ueyn Runi “yaşıl ordu”nun baş məşqçisi vəzifəsindən azad edilib.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir:

“Plimut Arqayl” təsdiqləyir ki, klub və baş məşqçi Ueyn Runi, dərhal qüvvəyə minməklə yollarını ayırmaq üçün qarşılıqlı razılığa gəliblər. Runi ilə yanaşı, köməkçi-məşqçi Mayk Felan və əsas komandanın məşqçisi Saymon İyrlend klubu tərk edəcəklər.

Biz Ueyn və komandasına, göstərdikləri bütün səylərə görə təşəkkür etmək istərdik və onlara gələcək üçün ən yaxşısını diləyirik. Klub bu mərhələdə əlavə şərh verməyəcək, əsas komandanın yeni rəhbərliyi ilə bağlı məlumat isə yaxın zamanlarda açıqlanacaq”, – “Plimut Arqayl”ın rəsmi bəyanatında deyilir.

Öz növbəsində Ueyn Runi istefasını şərh edib:

“Fürsətdən istifadə edərək, “Plimut Arqayl” futbol klubunun direktorlar şurasına təşəkkür etmək istərdim. Mənə xoş münasibət bəxş etmiş bütün heyətə və kluba belə xüsusi yer ayıranlara da təşəkkür edirəm. Futbolçulara və azarkeşlərə baş məşqçi olduğum müddətdə mənə göstərdikləri səylərə və dəstəyə görə təşəkkür edirəm. Onlara gələcək üçün ən yaxşısını diləyirəm.

“Yaşıl ordu”ya “Houm Park”dakı oyunları belə xüsusi etdiyinə görə təşəkkür edirik, bunlar bizim əbədi olaraq paylaşacağımız xatirələrdir. Məşqçilər heyətimi də biliklərinə, fədakarlıqlarına, kömək və dəstəyə görə xüsusi qeyd etmək istərdim.

“Plimut Arqayl” həmişə ürəyimdə xüsusi yer tutacaq və mən onların nəticələrini izləməyə və maraqlanmağa davam edəcəyəm”, deyə Runi duyğusalcasına bildirib.

Ueyn Runi “Plimut Arqayl”ın baş məşqçisi vəzifəsinə 2024-cü ilin avqust ayında gətirilmişdi. İngilis mütəxəssis “yaşıl ordu”nu 25 oyuna çıxarıb, 5 qələbə, 6 heç-heçə, 14 məğlubiyyət yaşayıb. Topların fərqi isə 25:53 nisbətindədir.

İngiltərə Çempionşipində keçirdiyi 24 oyundan sonra “Plimut Arqayl” 18 xalla yarış cədvəlinin sonuncu – 24-cü pilləsində qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: