Unai Emeri Emiliano Martinesi təriflədi

“Aston Villa”nın baş məşqçisi Unai Emeri komandasının argentinalı qapıçısı Emiliano Martines haqda fikrini bildirib.

Arena.az xatırladır ki, təcrübəli qolkiper İngiltərə Premyer Liqasının 8-ci turunda “Fulhem”lə səfər oyununda penalti zərbəsini dəf edib.

Unai Emeri 3:1 hesablı əzmkar qələbəyə sevindikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Emiliano möhtəşəmdir. Bu qapıçıya əvvəllər də ehtiyacımız vardı, bu gün də ona ehtiyacımız var və yenə də ona ehtiyacımız olacaq. Dünyanın ən yaxşı qapıçısı bizimlədir – Emiliano Martines. Bu, o deməkdir ki, bugünkü kimi oyunlarda və penalti kimi məqamlarda o, bizi xilas etmək üçün orada olmalıdır”, deyə ispan mütəxəssis məmnunluqla bildirib.

London “Arsenal”ının yetirməsi olan Emiliano bu komandada çox şans qazanmayıb. O, həmin dövrdə “Oksford Yunayted”, “Şeffild Yunayted”, “Roterem Yunayted”, “Vulverhempton”, “Xetafe” və “Ridinq” kimi komandalarda icarədə oynayıb. Martines 2020-ci ilin sentyabrından “Aston Villa”da çıxış edir. O, indiyə qədər İngiltərə klubunda 169 rəsmi matça çıxıb, 205 qol buraxıb, 57 matçda qapısını toxunulmaz saxlayıb.

Emiliano 2021-ci ilin iyun ayında debüt etdiyi Argentina yığmasının heyətində 47 oyuna çıxıb. O, bu oyunlarda cəmi 19 qol buraxıb, 34 görüşdən isə “quru” çıxıb.

Argentinalı qolkiper ölkəsinin yığması ilə bir dəfə dünya çempionu olub (DÇ-2022), iki dəfə Amerika Kubokunun (2021 və 2024), bir dəfə Finalissimanın (2022) qalibi olub. Martinesin qazandığı titullar arasında üç İngiltərə Kuboku (2015, 2017 və 2020) və üç İngiltərə Super Kuboku (2015, 2016 və 2021) da var. Amma o, bu uğurlara “Arsenal”da olduğu dönəmdə nail olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı qapıçının transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: