Portuqaliyanın “Sportinq” klubunun sağ cinah müdafiəçisi Valentin Rozye karyerasını yenə “Beşiktaş”da davam etdirəcək. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
24 yaşlı fransalı futbolçu ötən mövsüm olduğu kimi, yenə bir illik icarəyə götürülüb. Amma bu dəfə Türkiyə klubu müdafiəçini satınalma şərti ilə icarəyə götürüb. Futbolçunun transfer hüquqlarını almaq üçün “Beşiktaş” Portuqaliya klubuna 4.5 milyon avro ödəyəcək. Rozyenin “2” nömrəli formanı geyinəcəyi bildirilir.
Valentin Rozye 2019-cu ildən “Sportinq”də çıxış edir. O, ötən mövsüm “Beşiktaş”ın heyətində meydana çıxdığı 37 oyunda 3 qol, 7 məhsuldar ötürmə müəllifi olub. Fransanın U-21 yığmasının sabiq üzvü Türkiyə klubunun heyətində həm çempion, həm də kubokun qalibi olub.
Rozye “Sportinq”dən öncə ölkəsində “Rodez” və “Dijon”un da uğurları üçün çalışıb.


