Van de Bek “Mançester Yunayted” karyerasını uğursuz adlandırdı

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi, “Jirona”da çıxış edən Donni van de Bek İngiltərə klubuna keçidini xatırlayıb.

Arena.az niderlandlı futbolçunun bu barədə fikrini təqdim edir:

“Yenidən futboldan həzz almağa çalışıram və uğur qazanıram. “Mançester Yunayted”ə keçidim? Aydındır ki, bundan hər iki tərəf üçün də yaxşı bir şey ortaya çıxmadı. Bu keçmişdədir, amma bu klub haqqında pis bir söz deməyəcəyəm. Əlbəttə, çox oynamadım, amma çox şey öyrəndim. Məni yaxşı futbolçular və klub strukturundan adamlar əhatə edirdilər. Bu təcrübəni özümlə gələcəyə götürəcəyəm”, deyə Van de Bek bildirib.

Xatırladaq ki, “Jirona” bu ilin yayında niderlandlı oyunçunu cəmi 500 min avro qarşılığında heyətinə qatıb. 27 yaşlı futbolçu ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Donni van de Bek “Mançester Yunayted”ə 2020-ci ilin yayında Niderland nəhəngi “Ayaks”dan 39 milyon avro qarşılığında keçmişdi. O, İngiltərə nəhənginin heyətində 62 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Mançester klubunda olduğu müddətdə o, əvvəlcə “Everton”a icarəyə verilib və 2022-ci ilin yanvarından iyununa qədər bu komandada çxış edib. Yarımmüdafiəçi ötən mövsümün ikinci yarısını da Almaniyanın “Ayntraxt” komandasında icarədə keçirib.

Niderlandın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Donni, 2017-ci ilin noyabrında əsas millidə debüt edib. O, Niderland yığmasında 19 oyuna 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: