“Vest Hem” Divok Oriqi və Konor Qallaxeri heyətinə qatır

İngiltərənin “Vest Hem” klubunun rəhbərliyi “Milan”ın belçikalı hücumçusu Divok Oriqinin transferi üzərində düşünür.

Arena.az bu barədə “La Gazzetta dello Sport”a istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Oriqinin transferi “çəkicdöyənlər”in baş məşqçisi Devid Moyesin istəyidir.

Eyni zamanda “Vest Hem” rəhbərliyi komandanın hücumçusu Canluka Skamakkanı “Roma”ya icarəyə göndərə bilər. Razılaşmaya italiyalı hücumçunun 24 milyon avroya mütləq satınalınması maddəsi daxil ediləcək.

Geridə qalmış 2022/2023 mövsümünü Oriqi “Milan”da keçirib və “rossoneri”nin heyətində 36 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Oriqinin “Milan”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı 28 yaşlı Divok Oriqini 6 milyon avro məbləğində qiymətləndirir.

“Vest Hem” “Çelsi”nin və İngiltərə millisinin yarımmüdafiəçisi Konor
Qallaxerlə də maraqlanır. Bu barədə jurnalist Fabrisio Romano öz “Twitter” hesabında yazıb.

Mənbənin məlumatına görə, “çəkicdöyənlər” 23 yaşlı yarımmüdafiəçi üçün 46,4 milyon avro təklif ediblər. “Çelsi” hələ cavab verməyib, çünki klub rəhbərliyi əvvəlcə komandanın baş məşqçisi Maurisio Poçettino ilə potensial transferi müzakirə etmək istəyir.

London klubunun öz yetirməsi olan 23 yaşlı futbolçu bu komandanın heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub. O, “Kristal Pelas”, “Vest Bromviç”, “Çarlton Atletik”, “Suonsi Siti” kimi klublarda icarədə də olub. Futbolçunun London klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.

“Transfermarkt” internet-portalı bu futbolçunun təxmini dəyərinin 32 milyon avro olduğunu göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaş: