Vinisius Junior Çempionlar Liqasında Lionel Messiyə çatdı

Çempionar Liqasında “Mançester Siti”yə qarşı keçirilmiş ev oyunu (3:3) “Real”ın braziliyalı sol vingeri Vinisius Junior üçün əlamətdar olub.

Arena.az xatırladır ki, bu oyunda Vinisius 2 məhsuldar ötürmə ilə fərqlənib.

“DataFut” dərgisinin məlumatına görə, bu 2 məhsuldar ötürmə sayəsində Vinisius Çempionlar Liqasının final mərhələsinin ələmə oyunlarında məhsuldar ötürmələrin sayına görə “Barselona”nın keçmiş futbolçusu, hazırda “İnter Mayami”də çıxış edən argentinalı ulduz hücumçu Lionel Messi ilə bərabərləşib.

Vinisius və Messi Çempionlar Liqasının final mərhələsinin ələmə mərhələlərində hər biri 12 məhsuldar ötürmə veriblər, amma argentinalı hücumçuya bunun üçün 79 oyuna gərək olubsa, Vinisiusun nəticəsi kosmik dərəcədə fantastikdir – 22 oyun.

Vinisius Çempionlar Liqasının final mərhələsinin ələmə oyunlarında ilk məhsuldar ötürməsini 2019-cu ildə, “Real”ın yarışın 1/8 finalında “Ayaks”ı 2:1 hesabı ilə məğlub etdiyi zaman verib. Ümumilikdə, braziliyalı ulduz Avropanın ən nüfuzlu klub turnirində 52 oyunda iştirak edib, 18 qol vurub və 22 məhsuldar ötürmə verib.

Vinisius Junior “Flamenqo”nun yetirməsidir və “Real”a 2018-ci ilin iyulunda 45 milyon avro müqabilində elə “Flamenqo”dan keçib. Braziliyalı vingerin Madrid klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə “Vinni” madridlilərin heyətində bütün yarışlarda 29 oyuna çıxıb, 18 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 254 oyun, 77 qol, 74 məhsuldar ötürmə.

Vinisius 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya millisində 28 oyun keçirib, 3 qol vurub, 4 məhsuldar ötürmə verib. “Vinni” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubi Amerikan Çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı Vinisius Juniorun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: