“Liverpul”un kapitanı və mərkəz müdafiəçisi Vircil van Deyk “qırmızılar”ın düşərgəsindəki fəaliyyətindən məmnun olduğunu dilə gətirib.
Arena.az Van Deykin müvafiq qənaətini təqdim edir:
“Mənə burada oynamaq, uşaqları meydana çıxarmaq xoşdur. Mənə hamı ilə və hər kəslə birlikdə olmaq xoşdur”, deyə Van Deyk məmnunluqla vurğulayıb.
O, “qırmızılar”ın düşərgəsindəki gələcəyi ilə də bağlı açıqlama verib:
“Mövsümün sonuna qədər xəbər mütləq olacaq”, deyə Van Deyk mücərrəd məlumatla kifayətlənib.
Yeri gəlmişkən, Vircil van Deyk İngiltərə Liqa Kubokunun final oyununda “Nyukasl”a məğlubiyyəti (1:2) də şərh edib:
“Biz bunu düzəltməliyik. Futbol belə işləyir: beş gün ərzində iki dəfə uduzursan və sənə isə elə gəlir ki, dünya dağılır”, deyə 33 yaşlı niderlandlı müdafiəçi duyğularını açıb.
Xatırladaq ki, Vircil van Deyk 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir. “Qırmızılar” Van Deyki o vaxt 84,65 milyon avro məbləğ müqabilində “Sauthempton”dan transfer ediblər. Van Deykin “Liverpul”la müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Van Deyk “Liverpul”un heyətində bütün yarışlarda 41 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib.
Niderlandlı müdafiəçinin mersisaydlıların heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 311 oyun, 26 qol, 13 məhsuldar ötürmə.
Van Deyk “Liverpul”la İngiltərə Premyer Liqasını (2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022, 2024), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Super Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2019) qazanıb. Vircil həmçinin “Liverpul”un oyunçusu kimi 2018/2019-cu illər mövsümündə ilin oyunçusu mükafatına və həmçinin həmin mövsümdə UEFA-ya görə Avropanın ən yaxşı oyunçusu mükafatına layiq görülüb.
Vircil Van Deyk hazırda kapitanı olduğu, 2015-ci ilin oktyabr ayında debüt etdiyi Niderland yığmasının heyətində 78 oyuna çıxıb, 9 qol vurub.
“Transfermarkt” internet-portalı 33 yaşlı niderlandlı mərkəz müdafiəçisinin transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.


