Vircil van Deyk daha 2 il “Liverpul”da! – Rəsmi

“Liverpul”un kapitanı, 33 yaşlı niderlandlı mərkəz müdafiəçisi Vircil van Deyk İngiltərə klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Niderlandlı oyunçunun yeni sözləşməsi 2027-ci ilə qədər nəzərdə tutulub. Onun əvvəlki sözləşməsinin müddəti bu mövsümün sonunda bitəcəkdi.

Vircil van Deyk klubla yeni müqavilə bağlaması barədə açıqlama verib:

“Mən çox şadam. Mən elə, ancaq müaviləmin müddətinin uzadılması amili haqda danışanda, başımda o qədər fikirlər və duyğular ötüb keçir ki… Bu, sadəcə inanılmazdır. Mən şadam və qürur duyuram ki, özümün “Liverpul”dakı varlığını daha iki il müddətində sürdürəcəyəm. Möhtəşəm duyğulardır. Mən nə etmək gərək olduğu ilə bağlı heç vaxt şübhəyə düşməmişəm. Başımda ancaq “Liverpul”la bağlı seçim vardı”, deyə Van Deyk vurğulayıb.

Vircil van Deyk 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir. “Qırmızılar” Van Deyki o vaxt 84,65 milyon avro məbləğ müqabilində “Sauthempton”dan transfer ediblər. Van Deykin “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Van Deyk “Liverpul”un heyətində bütün yarışlarda 44 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.

Niderlandlı müdafiəçinin mersisaydlıların heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 314 oyun, 27 qol, 13 məhsuldar ötürmə.

Van Deyk “Liverpul”la İngiltərə Premyer Liqasını (2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022, 2024), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Super Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2019) qazanıb. Vircil həmçinin “Liverpul”un oyunçusu kimi 2018/2019-cu illər mövsümündə ilin oyunçusu mükafatına və həmçinin həmin mövsümdə UEFA-ya görə Avropanın ən yaxşı oyunçusu mükafatına layiq görülüb.

Vircil Van Deyk hazırda kapitanı olduğu, 2015-ci ilin oktyabr ayında debüt etdiyi Niderland yığmasının heyətində 80 oyuna çıxıb, 9 qol vurub.

“Transfermarkt” internet-portalı 33 yaşlı niderlandlı mərkəz müdafiəçisinin transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: