Vircil Van Deyk Premyer Liqada ilkə imza atdı

“Liverpul”un niderlandlı mərkəz müdafiəçisi və kapitanı Vircil Van Deyk futbol üzrə İngiltərə Premyer Liqasının tarixinə düşüb.

Arena.az xəbər verir ki, 34 yaş 320 günlüyündə olan futbolçu 2025/2026-cı illər mövsümünün hər bir dəqiqəsini meydanda keçirərək turnir tarixində bunu bacarmış ən yaşlı oyunçu olub.

Geridə qalmış mövsümdə Van Deyk Premyer Liqanın bütün 38 matçında iştirak edib. Ümumilikdə isə müdafiəçi bütün turnirlər daxil olmaqla 55 oyuna çıxıb, 8 qol vurub, 3 məhsuldar ötürmə verib.

Xatırladaq ki, Vircil van Deyk 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir. “Qırmızılar” Van Deyki o vaxt 84,65 milyon avro məbləğ müqabilində “Sauthempton”dan transfer ediblər. Van Deykin “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Niderlandlı müdafiəçinin mersisaydlıların heyətində çıxışının ümumi mənzərəsi belədir: 374 oyun, 36 qol, 16 məhsuldar ötürmə.

Van Deyk “Liverpul”la İngiltərə Premyer Liqasını (2020, 2025), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022, 2024), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Super Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2019) qazanıb. Vircil həmçinin “Liverpul”un oyunçusu kimi 2018/2019-cu illər mövsümündə ilin oyunçusu mükafatına və həmçinin həmin mövsümdə UEFA-ya görə Avropanın ən yaxşı oyunçusu mükafatına layiq görülüb.

Vircil Van Deyk hazırda kapitanı olduğu, 2015-ci ilin oktyabr ayında debüt etdiyi Niderland yığmasının heyətində 90 oyuna çıxıb, 12 qol vurub.

“Transfermarkt” internet-portalı 34 yaşlı niderlandlı mərkəz müdafiəçisinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: