Xəyal Canıyev WMC üzrə dünya çempionu oldu! – Video

Azərbaycanın tanınmış idmançısı Xəyal Canıyev muaytay üzrə superyarımorta çəkidə dünya çempionluğunu qazanıb.

Arena.az xəbər verir ki, o, ən nüfuzlu WMC versiyası üzrə dünya çempionu adı uğrunda döyüşdə Asiya çempionu olmuş iranlı Moctaba Taravati ilə qarşılaşıb.

Rusiyanın Çelyabinsk şəhərindəki “Yunost” idman sarayında keçirilən turnirdə Canıyev rəqibi üzərində qələbəyə sevinib. Beş raundun hamısında əla çıxış edən “Halk” ləqəbli idmançımızın ikinci raundda rəqibini nokdaun vəziyyətinə saldığını da qeyd edək. Nəticədə hakimlərin yekdil qərarı ilə qələbə Xəyal Canıyevə verilib.

Üç illik fasilədən sonra muaytay yarışında çıxış edən azərbaycanlı döyüşçü yeni çempionluğunu belə şərh edib: “Muaytay karyeramdakı fasilə, hər halda, özünü hiss etdirdi. Döyüşü vaxtından əvvəl başa vurub tamaşaçıları gözəl qalibiyyət və nokautla sevindirmək istəyirdim. Amma belə qələbəyə də sevinirəm”.

Xatırladaq ki, Xəyal Canıyev bundan əvvəl MMA-də də ardıcıl 3 qələbə qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: