Xabi Alonso “Qarabağ”ı və Qurban Qurbanovu təriflədi

“Bayer”in baş məşqçisi Xabi Alonso Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”a qarşı oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, ispan mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bu matçın nə qədər vacib olduğunu bilirik. Bizi təcrübəli baş məşqçisi olan yaxşı rəqiblə matç gözləyir. “Qarabağ”ın yaxşı strukturu və təcrübəli futbolçuları var. Bu, maksimum konsentrasiya olmağımızı tələb edəcək. Ən vacib məqsəd qələbə qazanmaqdır. Biz mübarizə aparmaq və hər yarışda olmaq istəyirik. Qələbə ilə qrupdan çıxmaq yolunda mühüm addım ata bilərik”.

Xabi Alonso “Qarabağ”ın ünvanına xoş sözlər də dilə gətirib: “Avrokuboklarda böük təcrübəsi, aydın oyun ideyası olan komandadır. “Qarabağ”ın yaxşı baş məşqçisi var. Bu rəqiblə oyun bizim üçün çox vacibdir. Çünki qalib gəlsək, pley-offa yüksəlmək şansımız artacaq”.

Baş məşqçinin sözlərinə görə, Artur Soares istisna olmaqla, digər bütün futbolçular “Qarabağ”la oyuna hazırdır.

Leverkuzen təmsilçisinin yarımmüdafiəçisi Yonas Hofman da “Qarabağ”la matçdan öncəki mətbuat konfransında fikirlərini bölüşüb:

“Bizim kimi, “Qarabağ” da hələ də Avropa Liqasının qrup mərhələsində məğlub olmayıb. Üstəlik, qrup mərhələsində hələ qol da buraxmayıblar. Azərbaycanlıların keyfiyyətlərini bilirik. Bu rəqiblə oyunda uğur qazanmaq üçün matça maksimum köklənməliyik. Biz çox ayıq olmalı və maksimum konsentrasiya ilə hərəkət etməliyik. İşlər gözlənildiyi kimi getməsə, bu, bizi yoldan çıxara bilər. Lazımi anda lazım olan yerdə olmalıyıq. Qrupda qalib olmaq istəyiriksə, buna məcburuq”.

Hofman komandadakı atmosferdən də danışıb: “Beynəlxalq fasilədən sonra hər kəs Leverkuzenə yaxşı formada və böyük motivasiya ilə qayıtdı. Bundesliqada da səfərdən yaxşı nəticə ilə qayıtdıq. “Volfsburq”la çətin oyuna baxmayaraq, qarşıdakı oyuna hazır olduğumuzu görə bilərsiniz. Sabah da özümüzü belə göstərəcəyik. Hər şey yaxşıdır”.

Xatırladaq ki, sabah “Bay-Arena”da keçiriləcək “Bayer” – “Qarabağ” oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: