“Mançester Siti”nin ispan baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in Liqa Kubokunda “Nyukasl”a məğlubiyyətini (0:1) şərh edib.
Arena.az Qvardiolanın bu xüsusda fikirləni diqqətinizə çatdırır:
“Siz düşünürsünüz ki, bizim hədəfimiz “kvadrupul” (dördlük) idi? “Trebl” bizim üçün daha qaneedicidir. İnanılmaz oyun oynadıq. Fasilədən sonra onlar artırdılar, daha aqressivləşdilər və qol vurdular. Təbrik edirik, “Nyukasl”, deyə Qvardiola qısa danışıb.
Vurğulayaq ki, “Mançester Siti” üçün bu məğlubiyyət cari mövsümdə 10 rəsmi oyun ərzində əsas vaxtda ilk məğlubiyyət olub.
Xatırladaq ki, “Mançester Siti” ötən mövsümün sonunda “Pep”in rəhbərliyi altında “trebl”ə imza atmışdı: “şəhərlilər” İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu və UEFA Çempionlar Liqasını qazanmışdılar.
Xosep Qvardiola isə futbol tarixinə iki dəfə “trebl”ə əldə etmiş məşçi kimi daxil olmuşdu. İspan mütəxəssis ilk dəfə bu uğurunu 2008/2009 mövsümündə “Barselona” ilə həyata keçirib.
Liqa Kubokunda məğlubiyyətə rəğmən, “Mançester Siti” 18 xalla Premyer Liqanın vahid lideridir. “Şəhərlilər” Çempionlar Liqasına “Srvena Zvezda” üzərində 3:1 hesablı inamlı qələbə ilə başlayıblar. Cari mövsümün İngiltərə Kubokunda mübarizə isə noyabr ayında başlayacaq.


