Yoel Veltman “Brayton”la yeni müqavilə bağladı

İngiltərə Premyer Liqasında mübarizə aparan “Brayton” klubu müdafiəçiləri Yoel Veltman və Ed Ternslə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə elita klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Niderlanddan olan 31 yaşlı Yoel Veltmanla yeni sözləşmənin müddəti 2025-ci ilin 30 iyununa qədərdir. Onun əvvəlki müqaviləsinin müddəti bu yaya qədər idi. 20 yaşlı Ed Terns də 2+1 illik sözləşməyə imza atıb.

Xatırladaq ki, Yoel Veltman “Ayaks”ın yetirməsidir. O, 2020-ci ilin iyul ayında Niderland klubunu “Brayton”a dəyişib. Təcrübəli müdafiəçi bu komandada 106 oyuna çıxıb. O, bu oyunlarda 3 qol və 3 assistlə yadda qalıb. Futbolçunun “Ayaks” karyerası isə 246 oyun, 10 qol və 15 məhsuldar ötürmədən ibarətdir. O, Niderland yığmasında da 28 oyun keçirib, 2 qola imza atıb.

Ed Terns isə “Brayton”un yetirməsidir. O, geridə qalan mövsümdə “Leyton Oriyent” klubunda icarədə olub – 16 oyun, 2 qol. “Brayton”da cəmi 2 oyun keçirmiş futbolçu Uelsin U-21 yığmasında da 1 matça çıxıb.

“Brayton” qapıçısı Kyell Sxerpeni də Avstriyanın “Şturm Qraz” klubuna icarəyə verib. Niderlanddan olan 23 yaşlı qolkiper qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. Peşəkar karyerasına “Emmen”də başlamış bu qapıçı vətənində “Ayaks”ın da formasını geyinib. 2021-ci ildən “Brayton”da olan futbolçu bu klubun əsas komandasında cəmi 1 matça çıxıb. Ötən mövsümdə “Ostende” və “Vitess” kmi klublarda da icarədə oynamış qapıçı Niderlandın U-19 və U-21 yığmalarında da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: