Bu gün dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib. Arena.az xəbər verir ki, AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən olan İsveç millisi də sınaq matçına çıxıb.
Seçmə mərhələnin 7-ci turunda istirahət edəcək sözügedən komanda Moldova millisi ilə üz-üzə gəlib. Millimizin rəqibi bu oyundan inamlı qələbə ilə ayrılıb.
Yeri gəlmişkən, Moldova yığmasının heyətində “Turan Tovuz”un müdafiəçisi Denis Marandiç İsveçə qarşı 90 dəqiqə meydanda olub. O, 66-cı dəqiqədə sarı vərəqə də alıb. “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram isə sonadək ehtiyatda qalıb.
Qonşu Gürcüstan yığması Tailandla qarşılaşıb və 8 (!) cavabsız qola sevinib. Bu, Gürcüstan yığmasının tarixində ən böyük hesablı qələbədir. Asiyalılarla oyunda 4 qolla yadda qalan “Ayaks”lı Jorj Mikautadze isə millidə poker edən ilk futbolçu kimi tarixə düşüb. Matçda son nöqtəni qoyan “Napoli”nin hücumçusu Xviça Kvaratsxeliya da 2023-cü ildə yığmanın heyətində ilk qolunu vurub.
“Qarabağ”ın Gürcüstandan olan qapıçısı Luka Quqeşaşvili ilə “Sabah”ın hücumameyilli yarımmüdafiəçisi Davit Volkov bu oyunun iştirakçısı olmayıblar. Onların hər ikisi sonadək ehtiyatda qalıb.
Digər qonşu ölkə yığması – beynəlxalq yarışlardan təcrid olunmuş Rusiya millisi isə bu gün Kamerunla qarşılaşıb və minimal hesabla qalib gəlib.
Yoxlama oyunu
12 oktyabr
Uels – Cəbəllüttariq 4:0
Bəhreyn – Qırğızıstan 2:0
Misir – Zambiya 1:0
Gürcüstan – Tailand 8:0
Monteneqro – Livan 3:2
Rusiya – Kamerun 1:0
BƏƏ – Küveyt 1:0
İsveç – Moldova 3:1
Əlcəzair – Kabo Verde 5:1