“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Liqa Kubokunun finalında “Çelsi” üzərində qələbəsi (1:0) haqda danışıb.
Arena.az BBC-yə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“20 illik karyeramda bu kubok ən xüsusi qənimətdir. Çox qeyri-adi idi. Burada baş verənlər tam dəlilikdir, belə şeylər mümkün deyil. Komanda, heyət, xasiyyətlə dolu akademiya. Mən bunun bir parçası olmaqdan qürur duyuram”, deyə Klopp vurğulayıb.
Finalda yeganə qolu əlavə vaxtda, oyunun 118-ci dəqiqəsində “qırmızılar”ın kapitanı Vircil van Deyk “zadəganlar”ın qapısından keçirib.
Xatırladaq ki, Yurgen Klopp cari mövsümün sonunda “Liverpul”u tərk edəcəyini açıqlamışdı. Alman mütəxəssis açıqlamasında artıq bu məşqçilik işi üçün gücünün qalmadığını bildirmişdi.
56 yaşlı Klopp “Liverpul”u 2015-ci il oktyabrın 8-dən çalışdırır. Bu müddət ərzində alman mütəxəssis “qırmızılar”la 8 kubok qazanıb. Kloppun rəhbərliyi altında “qırmızılar” İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, İngiltərə Liqa Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazanıblar.
“Liverpul” Klopun rəhbərliyi altında 471 oyuna çıxıb. “Qırmızılar” bu oyunlarda 294 qələbə qazanıblar, 96 heç-heçə ediblər, 81 matçda isə məğlubiyyətə üzülüblər. Topların fərqi isə 1047:525 nisbətindədir.


