“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 22-ci turunda “Çelsi” üzərində möhtəşəm qələbəsini (4:1) şərh edib.
Arena.az BBC-yə istinadən, alman mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Məncə, ayrı-ayrı oyunçular bir yerdə işləmədikdə, gözəl komanda oyununa nail olmaq olmaz. Başlanğıc parlaq idi. Təzyiqlər düzgün olmayanda fəsadlar yaşadıq. Biz əla idik, bu, yüksək səviyyəli oyun idi. Biz qol vurmalı idik və daha çox qol vurmalı idik. Görkəmli oyunçu olmasanız, “Çelsi”yə qarşı beş, altı qol vura bilməzsiniz”, deyə Yurgen Klopp bildirib.
Alman mütəxəssis həmçinin oyunda karyerasında ilk dəfə penaltini gerçəkləşdirə bilməmiş, “qırmızılar”ın uruqvaylı mərkəz hücumçusu Darvin Nunyeslə bağlı bu məqamlara da aydınlıq gətirib.
Xatırladaq ki, bu oyunda qaçırdığı penalti ilə yanaşı, Nunyes dörd dəfə rəqib qapısının dirəklərini nişan alıb. Həmçinin Nunyes oyunun 79-cu dəqiqəsində məhsuldar ötürmə ilə fərqlənib. Nunyes buna qədər karyerası ərzində 12 penaltini qola çevirə bilmişdi.
“Nunyes birinci hissəni çılğıncasına keçirdi, müdafiəçilər onu saxlaya bilmədilər. Ancaq qaçırdığı penaltidən çox məyus oldu. Fasilə zamanı Darvin üçün çox çətin idi. İkinci hissədə o, baş zərbəsi ilə tirə tuş gəldi. Ancaq axır-axırda Nunyes hətta böyük məyusluqdan sonra belə bir qol təşkil etdi – əsas olanı da budur.
Nunyes çoxlu imkanlar yaradır. Dörd qol vurduq, bəs onun vurmadığı qollar kimi narahat edir? O, parlaq formadadır, hələ də bəxti azacıq gətirmir, amma ümumilikdə hər şey yaxşıdır”, – ESPN Klopdan sitat gətirir.
Hazırda “Liverpul” 22 oyundan 51 xalla turnir cədvəlində liderdir. “Çelsi” isə 31 xalla 10-cu pillədə yer alıb.


