Yurgen Klopp Ceydon Sançoya görə MY-ni tənqid etdi

“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp “Mançester Yunayted”i ingilis vinger Ceydon Sanço ilə davranışına görə tənqid edib.

Arena.az xatırladır ki, ötən mövsümün əvvəlində Sanço “qırmızı şeytanlar”ın niderlandlı baş məşqçisi Erik ten Haqla münaqişə yaşamış və cari ilin ilk yarısını Dortmund “Borussiya”sında icarədə keçirmiş, ardınca isə kluba qayıtmasına rəğmən, bu dəfə “Çelsi”yə icarəyə verilmişdi.

“Bütün dünya oyunçuya inamını itirirsə, futbolçunun arxasında duran məhz məşqçisi olmalıdır. Mən sadəcə olaraq “o yararsızdır” fikrinə aldana bilmərəm, yeri gəlmişkən, digər klublar da eynisini edirlər. Onlar bir oyunçunu 90 milyon avro məbləğə alıb, sonra onu icarəyə göndərirlər”, deyə Yurgen Klopp fikrini bildirib.

Əlavə edək ki, Sanço “qırmızı şeytanlar”ın düşərgəsinə qayıtdıqdan sonra, Ten Haqla aralarında baş vermiş keçmiş incikliyin həllini tapdığı haqda tərəflər məlumat vermişdilər.

Vaxtilə, yetirməsi olduğu “Mançester Siti”nin uğurları üçün çalışmış Ceydon Sanço “Mançester Yunayted”ə 2021-ci ilin iyulunda 85 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçmişdi. Çıxışı müddətində Sanço “qırmızı şeytanlar”ın heyətində 83 oyun keçirib, 12 qol vurub, 6 məhsuldar ötürmə verib.

Ceydon “Mançester Yunayted”lə İngiltərə Liqa Kubokunu (2023) qazanıb.

Sentyabrda “Çelsi” Sançonu icarəyə götürüb. İcarə ödənişsiz əsasda həyata keçirilib, amma “Çelsi” icarə müqaviləsinin sonunda – 2025-ci ilin iyun ayının sonunda Sançonu tamhüquqlu əsasda satın almağa mükəlləfdir.

Sanço cari mövsümdə “zadəganlar” üçün siftə etməyib.

Sanço 2018-ci ilin oktyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 23 oyun keçirib, 3 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı ingilis vingerin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: