İngiltərənin “Liverpul” komandasının alman baş məşqçisi Yurgen Klopp Premyer Liqa nəhəngindən ayrılmaq barədə qərar verib.
Arena.az xəbər verir ki, bu barədə “Liverpul”un rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 56 yaşlı mütəxəssis bu mövsümün sonunda klubdan ayrılacağını elan edib. Klopp İngiltərə nəhəngindən ayrılmaq qərarını klubun rəsmi saytına açıqlamasında belə izah edib:
“Mən başa düşürəm ki, bir çoxları üçün bu, ilk dəfə eşitdikləri anda sarsıntıdır, amma bunu açıq-aydın izah edə və ya heç olmasa izah etməyə çalışa bilərəm.
Mən bu klubla bağlı hər şeyi sevirəm, şəhərlə bağlı hər şeyi sevirəm, mən azarkeşlərimizlə bağlı hər şeyi sevirəm, mən komandanı, mən heyəti sevirəm. Mən hər şeyi sevirəm. Amma hər halda bu qərarı verməyim o deməkdir ki, mən əminəm ki, bu, mənim verməli olduğum qərardır.
Mənim gücüm yoxdur. İndi heç bir fəsadımız yoxdur, amma açıq-aydın bilirdim ki, gec-tez bunu açıqlamalıyam. Bu işi təkrar-təkrar edə bilməyəcəyimi bilirəm.
Birlikdə keçirdiyimiz bütün illərdən sonra, birlikdə yaşadığımız hər şeydən sonra sizə həqiqəti deməliyəm. Bu isə həqiqətdir.
Mən yaxşıyam. Qaydasındayam. Narahat olacaq bir məqam yoxdur. Mən hələ noyabrda kluba demişdim… Burada insanlara hansı işlə məşğul olduğumu azacıq başa salmalıyam. İnsanlar hər şeyi kənardan görürlər, amma mövsüm başlayır və çox şey planlaşdırırsan. Biz yayda mümkün transferləri, hara gedə biləcəyimizi və s. birkildə müzakirə etmişik. Bu haqda danışmağa başlayanda isə düşündüm ki, daha burada olacağıma əmin deyiləm. Özüm də bu fikirdən təəccübləndim, sonra bu barədə düşünməyə başladım. Bu, başlanğıc idi.
Ötən mövsüm çox çətin keçdi və bəlkə də hansısa başqa klubda məşqçiyə: “Hər şey üçün çox sağ olun, amma gəlin bunu bitirək”, deyərdilər. Bu, mənim başıma gəlmədi. Komandanı döyüşə qaytarmaq mənim üçün çox vacib idi və bu haqda düşünəndə ağlıma belə bir fikir gəldi: bu komandanın imkanı çoxdur, burada əntiqə oyunçular var, amma… bacarmadım. Özüm haqqında düşünməyə xitam verməyi bacarmadım. Mənim istədiyim bu deyildi. Baş verənlərin yüz faiz doğru olduğunu düşünmürdüm.
“Mən adi adamam, amma adi həyat sürmürəm”
O qədər qəribədir ki, bütün bunları deyirəm, izah edirəm ki, gücüm yoxdur, amma var. Hələ ki var. Amma insanlarla münasibətlərimizə görə, istefaya göndərilməyəcəyimi bildiyim üçün bu qərarı özüm verməliyəm. İçimdə hər şey deyir ki, mən bu klubun gələcəkdə ehtiyac duyacağı kəs deyiləm.
“Norviç”lə oyunu səbirsizliklə gözləyirəm. Həqiqətən. Sonra “Çelsi” ilə ev oyunu olacaq, tribunalar dolacaq, gözəl ab-hava olacaq. Bu, inanılmazdır və mən bütün bunların hamısını sevirəm. Bunun bir parçası olmağa davam edəcəyəm, komandanı dəstəkləyəcəyəm, onu sevəcəyəm. Sadəcə, artıq əsas kürsüdən deyil.
Mənim üçün bu qərar çətin idi, amma eyni zamanda rahatlıq bəxş etdi. Mən özüm üçün bir son xətt çəkdim, vəssəlam – sonra isə diqqətimi oyunlara yönəltdim. Bunun nə məni, nə də komandanı oyunlardan yayındırmasına icazə verə bilmərəm. Ümidvaram ki, bu, baş verməz. Əminəm ki, futbolçular qaydasında olacaqlar.
Son mövsümlərdə baş vermiş hər şeyin altında həmişə mənim adım vardı. Amma görünən odur ki, komanda ilə çox adam çalışıb və indi də çalışır. Bəli, rolum dəyişəcək, amma çox şey olduğu kimi qalacaq. Klub etibarlı əllərdədir və onun parlaq gələcəyi var. Eyni güc olmadan eyni şeyi etmək mənim üçün ədalətli olmazdı.
Mənim karyerama baxsanız, bunun qeyri-mümkün olduğunu düşünə bilərsiniz. Kiçik bir klubdan “Liverpul”a gəlmək nağıldır. Gəlişi, demək olar ki, mümkün olmayan bir nağıl. Ancaq bu, yalnız etdiyiniz hər şeyə yüz faiz can qoyduğunuz halda mümkündür. Sən ömrünü buna həsr edirsən. Mən bunu etdim.
İlk gündə dediyim kimi, mən adi adamam. Mən hələ də beləyəm, amma çox uzun müddətdir ki, adi həyat sürmürəm. Bu həyatı yaşamaq üçün çox qocalana qədər gözləmək istəmirəm. Heç olmasa adi həyat sürməyə çalışmalıyam və indi doğru zamandır. Hər şeydən əvvəl klub üçün, çünki artıq onlara lazım olan mən deyiləm.
“Başqa ingilis klubunda işləməyəcəyəm”
Bilirəm ki, mən bütün ömrüm boyu bununla məşğul olmayacağam. Həyatda başqa mənalar tapmalıyam və bunu etməyi planlaşdırıram. Məndən hələ də məşqçilik edəcəyimi soruşsanız, elə, indi “yox” deyərdim. Amma bundan sonra nə olacağını bilmirəm. Dəqiq bildiyim odur ki, həyatımda başqa ingilis klubunda işləməyəcəyəm. Bu, yüz faizdir. Mümkün deyil. Mən bu klubu çox sevirəm, insanlara hörmətim – bütün bunlar o qədər böyükdür ki, bir saniyə belə, İngiltərədə başqa komandada işləmək fikrini qəbul edə bilmirəm. “Liverpul” mənim həyatımın, ailəmin bir hissəsidir.
Amma yerdə qalan halda, əlbəttə ki, işləyəcəyəm. Mən özümü tanıyıram – mən sakit otura bilmirəm. Amma ən azı bir il nə klubda, nə də millidə məşqçi kimi işləməyəcəyəm. Mən istəmirəm.
Mən 24 ildir bu işlə məşğulam və indi sadəcə həyatın nə olduğunu anlamaq istəyirəm. Sadəcə bunun nə olduğunu bilmirəm. Heç olmasa bunun necə olduğunu öyrənməyə çalışmalıyam.
Mən çox keçməmiş yeni müqavilə imzalamışdım və o an xoşbəxtlikdən göyün yeddinci qatında idim. Ancaq güc ehtiyatımın sonsuz olmadığını az qiymətləndirdim. İndi bunun nə olduğunu hamıya izah etməliyəm, çünki bunu insanlara borcluyam. Mən yaxşı idman avtomobili kimiyəm – ən yaxşısı deyil, amma hələ də çox sürət qazana bilən layiqli avtomobil. Amma benzinin getdikcə azaldığını bircə mən görürəm. Bacardığın qədər sürürsən, amma gec-tez dayanmalısan və ya yanacaqdoldurma məntəqəsinə getməlisən. Məhz bunu isə etməliyəm.
“Bunu mümkün qədər tez söyləməyim vacib idi”
Başqa bir dünyada mövsümün sonuna qədər heç kimə heç nə deməzdim. Mən qalib gələcəkdim, sonra da gedəcəyimi söyləyəcəkdim. Amma bizim dünyamızda bu, mümkün deyil – belə şeyləri gizli saxlamaq mümkün deyil. Buna çox şeylər, xüsusən də şəxsi vəziyyətim təsir etdi. İnsanlar, komanda, klub – hər kəs bu barədə əvvəlcədən bilməlidir.
Onlar nəsə planlaşdırmalıdırlar, kluba vaxt lazımdır. Əminəm ki, belə bir qərar vermək məcburiyyətindəsinizsə, bunu əvvəlcədən etmək daha yaxşıdır. Əgər növbəti mövsüm sentyabrda başa düşsəydim ki, daha bununla məşğul ola bilməyəcəyəm, hər şey daha pis olardı. Bu klub, birlikdə qurduğumuz hər şey, əgər mən səhv qərar versəydim və ya səhv zamanda vermiş olsaydım, sarsıla bilərdi. Ona görə də bunu mümkün qədər tez söyləməyim vacib idi”.
Xatırladaq ki, Yurgen Klopp 2015-ci ilin oktyabr ayından “Liverpul”a başçılıq edir. Onun İngiltərə klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Lakin təcrübəli mütəxəssis müqaviləsinin sonuna kimi “Liverpul”da qalmaq istəməyib.
Klubda işlədiyi doqquz il ərzində Klopp “Liverpul”a İngiltərə Premyer Liqasını (2019/2020), İngiltərə Kubokunu (2021/2022), İngiltərə Liqa Kubokunu (2021/2022), İngiltərə Super Kubokunu (2022/2023), UEFA Çempionlar Liqasını (2018/2019), UEFA Super Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2019/2020) qazandırıb. Alman mütəxəssis həmçinin 2018/2019 və 2019/2020 dünyanın ən yaxşı klub məşqçisi mükafatını qazanıb.
Hazırda Yurgen Klopun çalışdırdığı “qırmızılar” Premyer Liqanın turnir cədvəlində 21 oyundan 48 xalla birinci pillədə qərarlaşıblar.


