“Liverpul”un və Dortmund “Borussiya”sının sabiq baş məşqçisi Yurgen Klopp məşqçilik karyerasının perspektivləri haqda söhbət açıb.
Arena.az ESPN portalının Böyük Britaniya şöbəsinə istinadən, məşhur alman mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Bu gün bir məşqçi kimi bu, mənim üçün sondur. Mən işdən öz kefimlə çıxmadım, bu, ümumi bir qərar idi. Artıq dünyanın ən yaxşı klublarını çalışdırmışam”, deyə Klopp vurğulayıb.
Daha sonra alman mütəxəssis məşqçilik karyerasını bitirməsi ilə bağlı sözlərinə aydınlıq gətirərək, iş başına mümkün qayıdışı haqda da fikir bildirib:
“Yeni iş? Məni kimin çağırması fərq etməz: öz ərizəmdə bir il heç bir ölkənin yığmasını və ya klubu çalışdırmayacağımı qeyd etmişdim. Bəzi insanlar bu hissəni qaçırırlar. Ertəsi gün bir nəfər zəng etdi, mən isə dedim: “Siz dəli olmusunuz? Mən bunu elə dünən izah etmişəm”.
Mən nəsə üzərində işləyəcəm. Mən sadəcə padel və ya tennis oynamaq və yalnız nəvələrimlə vaxt keçirmək üçün çox gəncəm. Amma hazırda məşqçilik karyerasına qayıtmağı istisna edərdim. Bir neçə aydan sonra hər şeyin necə görünəcəyinə baxarıq. İndi heç nə alınmır”, – “Sky Sports” dərgisi Klopdan sitat gətirir.
Xatırladaq ki, Yurgen Klopp son iş yeri olan “Liverpul”un sükanı arxasına 2015-ci il oktyabrın 8-dən gəlib. Bu müddət ərzində 56 yaşlı alman mütəxəssis “qırmızılar”la 8 kubok qazanıb. Klopun rəhbərliyi altında “Liverpul” İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, İngiltərə Liqa Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazanıb. Ən əsası isə alman mütəxəssis “Liverpul”u İngiltərə futbolunda itirdiyi mövqeyinə qaytarmağı bacarıb.
Klopp “Liverpul”u 489 oyuna çıxarıb. “Qırmızılar” bu oyunlarda 304 qələbə qazanıblar, 100 heç-heçə ediblər, 85 oyunda isə məğlubiyyətə üzülüblər. Topların fərqi isə 1088:550 nisbətindədir.
Alman mütəxəssis daha öncə ölkəsində “Borussiya” (Dortmund) və “Maynts” komandalarını da çalışdırıb. Hələ cari ilin əvvəlində Klop “Liverpul”dan ayrılacağı haqda qərara gəldiyini bəyan edəndə, bunu istirahətə ehtiyac duyması ilə əsaslandırmışdı.
Əlavə ki, “Liverpul” Yurgen Klopun əvəzində baş məşqçi vəzifəsinə niderlandlı mütəxəssis Arne Slotu gətirib.


