“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 28-ci turunda “Mançester Siti”yə qarşı ev oyununu (1:1) şərh edib.
Arena.az “Sky Sports” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Həqiqətən yaxşı futbol oyunu oldu. Bu, “Mançester Siti”yə qarşı göstərdiyimiz ikinci hissədə ən yaxşı çıxışımız idi.
Biz heç vaxt bu qədər üstün olmamışdıq, heç vaxt bu qədər yaxşı qərarlar verməmişdik, heç vaxt bu qədər cəsarətli olmamışdıq, bu, inanılmaz idi. Müstəsna olaraq.
Ümumilikdə oyundan çox razıyam. İlk 10 dəqiqədə bizə bəlkə də azacıq vaxt gərək idi, amma bundan sonra tam hazır idik. Necə bir oyun, necə bir ab-hava, necə bir gün idi”, deyə Klopp məmnunluğunu ifadə edib.
Alman mütəxəssis həmçinin oyuna əlavə edilmiş təzminat vaxtında (90+9-cu dəqiqədə) “şəhərlilər”in qapısı önündə yaşanmış mübahisəli məqama – mümkün penalti vəziyyətinə dair fikrini ifadə edib.
Xatırladaq ki, 90+9-cu dəqiqədə “Mançester Siti”nin vingeri Jeremi Doku “şəhərlilər”in cərimə meydançasında “Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallisterin sinəsinə açıq ayaqla zərbə endirmişdi. Oyunun baş hakimi Maykl Oliver isə bu anı oyun məqamı kimi qiymətləndirərək, penalti təyin etməmişdi.
“Bu, yüz faiz penalti idi. Onlar bir izah tapacaqlar. Bu, bütün hallarda yüz faiz cərimə idi və ehtimal ki, sarı vərəqə idi. Ətrafımdakı bütün insanlar “Vay, burada hər şey aydındır ki”, deyirdilər. Bəlkə də “anlaşılmaz və aydın olmayan” ifadəsinin arxasında gizlənə bilərlər. Əlbəttə, bu, penaltidir, amma olmadı. Mənim üçün ən əsası belə bir futbol oynamaqdır. Bu gün çox parlaq şeylər gördüm”, – Yurgen Klopp bildirib.
28-ci turun mərkəzi oyununda “sülh” “Arsenal”ın xeyrinə işləyib. İndi Mikel Artetanın “topçular”ı 64 xalla Premyer Liqanın yarış cədvəlinə başçılıq edirlər. “Liverpul” da “Arsenal”la şərikli liderliyini sürdürür, amma top fərqi və şəxsi oyunda üstünlük (3:1) məhz “Arsenal”ı zirvədə saxlayır. “Mançester Siti” isə 63 xalla 3-cü pillədə qərarlaşıb.
Göründüyü kimi, Premyer Liqa çempionluğu uğrunda mübarizə gərginlik vəd edir.


