Yurgen Klopp mövsümü yüksək notda bitirmək istəyir

Artıq məlum olduğu kimi, “Liverpul”un baş məşqçisi, alman mütəxəssis Yurgen Klopp cari mövsümün sonunda klubdan ayrılacağını bildirib.

Arena.az “Liverpul”un mətbuat xidmətinə istinadən məlumat verir ki, Klopp Mersisayd klubundakı karyerasını müsbət nəticə ilə başa vurmaq istədiyini açıqlayıb:

“Səbəbini izah etdim, amma insanlar buna inanmaya bilərlər. Xəstə olsaydım, hamı bu vəziyyəti asanlıqla ötüşdürərdi. İndi müzakirələr olacaq, amma mən hər şeyi səmimi dedim. Geriyə baxanda, biz haqqında xatırlanacaq çox gözəl anlar yaşamışıq, mütləq xatırlayacağam – mütləq. İndi klub gələcək üçün planlar qura bilər, biz isə oynamağa davam edə bilərik. Mən asanlıqla növbəti mövsümə “xub, biz bunu yenidən başlayırıq” sözləri ilə gələ bilərdim. Amma bu, mən deyiləm. Bu, mənim məşqçilik tərzim deyil, mənim üslubum ətrafımdakı bütün insanlara verdiyim gücə əsaslanır. Əgər belə deyilsə, mən, mən deyiləm. Qəbul etməli olduğum bu idi. Ümidvaram ki, hamı başa düşər.

Mən indi azarkeşlərdən iki şeyi xahiş edirəm: bu qərarı qəbul edin və bu mövsümün oyunlarını mənə həsr etməyin. Bu, vacib deyil. Həmişə mənə yox, komandaya dəstək olmanızı istəmişəm. Hələ vidalaşmağa vaxtımız olacaq. Biz “Liverpul”uq. Biz daha çətin dövrlərdən keçmişik və bunun öhdəsindən gələcəyik. Gəlin, bu mövsümdən mütləq yararlanaq ki, geriyə baxanda gülümsəmək üçün daha bir səbəbimiz olsun. Təşəkkür edirəm”, alman mütəxəssis fikrini tamamlayıb.

Xatırladaq ki, Yurgen Klopp 2015-ci ilin oktyabr ayından “Liverpul”a başçılıq edir. Onun İngiltərə klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Lakin təcrübəli mütəxəssis müqaviləsinin sonuna kimi “Liverpul”da qalmaq istəməyib.

Klubda işlədiyi doqquz il ərzində Klopp “Liverpul”a İngiltərə Premyer Liqasını (2019/2020), İngiltərə Kubokunu (2021/2022), İngiltərə Liqa Kubokunu (2021/2022), İngiltərə Super Kubokunu (2022/2023), UEFA Çempionlar Liqasını (2018/2019), UEFA Super Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2019/2020) qazandırıb. Alman mütəxəssis həmçinin 2018/2019 və 2019/2020 dünyanın ən yaxşı klub məşqçisi mükafatını qazanıb.

Hazırda Yurgen Klopun çalışdırdığı “qırmızılar” Premyer Liqanın turnir cədvəlində 21 oyundan 48 xalla birinci pillədə qərarlaşıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: