Yuri Vernidub: “Başqa çıxış yolumuz yoxdur”

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Premyer Liqanın 31-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşü meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunlaır söyləyib:

“Biz “Neftçi” adına layiq oyun nümayiş etdirməyə çalışırıq. Bu elə bir komandadır ki, ilk dəqiqələrdən aqressiv futbol sərgiləməli, pressinq tətbiq etməli və sona qədər topa nəzarəti əlində saxlamalıdır. Bizdən aşağı mövqedə qərarlaşan komandalara qarşı matçlarda erkən qol vururuqsa, oyunumuz daha da asanlaşır. Bu gün də bunu bacardıq. Xeyli qol epizodumuz olsa da, ilk hissədə onları reallaşdıra bilmirdik. Lakin fasilədən sonra istəyimizə çatdıq. Oyunçularımın bu fəlsəfəni dərk etməsi məni sevindirir, onlar ilk dəqiqələrdən geriyə çəkilib müdafiə olunmurlar. “Qarabağ”a qalib gəldiyimiz oyunda birinci yox, ikinci nömrə kimi çıxış edirdik və bu da bizə yekunda uğur gətirdi”.

Ukraynalı mütəxəssis “Qarabağ”la 5 illik qələbə həsrətinə son qoyduqdan sonra qarşıda “Sabah”a qarşı 3 illik uğursuz seriyanı qırmaqla bağlı suala belə aydınlıq gətirib:

“Başqa çıxış yolumuz yoxdur. Hazırda turnir cədvəlində “Zirə” ilə aramızda 3 xallıq fərq var, amma bu, heç nə demək deyil. “Sabah”la görüşdə yalnız nəticəyə oynayacağıq. Onlar mayın 13-də baş tutacaq kubokun final matçına hazırlaşırlar və qalib gəlsələr, mövsümü iki titulla başa vuracaqlar. Biz isə əlimizdən gələni etməliyik ki, mövsümü ən azından 4-cü yerdə bitirək”.

Yuri Vernidub “Qarabağ”a 1:5 hesablı ağır məğlubiyyətdən sonra qapıçı Kənan Piriçin əvəzinə Emil Balayevə şans verilməsinə və heyətdəki digər dəyişikliklərə də aydınlıq gətirib:

“Burada xüsusi bir şey görmürəm. Kənan Piriç də, Emil Balayev də çox yaxşı qapıçılardır. Sadəcə, “Qarabağ”a böyükhesablı məğlubiyyətdən sonra Balayevə şans vermək qərarına gəldik. Həmin matçdan sonra heyətdə dəyişikliklərə getməli idim və 4 futbolçunu dəyişdik. Bu addım xeyrimizə işlədi. Gələcək üçün eyni səviyyəli iki qapıçımız olacaq, rotasiya edərək hər ikisinə şans verə bilərik”.

Xəbəri sosial şəbəkələrdə paylaş: