Yusuf Laval “Zirə”də – Rəsmi

“Neftçi”nun sabiq futbolçusu, nigeriyalı sol vinger Yusuf Laval bundan sonra Azərbaycanın digər klubu “Zirə”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

26 yaşlı vingerlə 2+1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb. Laval paytaxt klubuna azad agent kimi keçib.

Xatırladaq ki, Yusuf Laval 2020-ci ilin iyul ayından 2023-cü ilin yanvarına qədər “Neftçi”nin formasını geyinib. Həmin vaxt o, paytaxt klubunun heyətində meydana çıxdığı 88 oyunda 6 qol vurub, 19 məhsuldar ötürmə verib. O, ötən ilin əvvəlindən Portuqaliyanın “Aroka” klubunun formasını geyinirdi. Sözügedən komandada 31 oyuna cəmi 1 assistlə yadda qalmış vinger Portuqaliya təmsilçisindən bu ayın 3-də məhz “Zirə”yə görə ayrılmışdı.

Nigeriyalı futbolçu “Neftçi”dən öncə Belçikanın “Lokeren” klubunun da uğurları üçün çalışıb.

“Zirə” bu yay Fuad Bayramov (“Şamaxı”), Aydın Bayramov (“Turan Tovuz”), Elçin Əlicanov (“Kəpəz”), Davit Volkov (“Sabah”), Martins Junior (“Kəpəz”), Ange Mutsinzi (“Jerv”, Norveç), Georgi Papunaşvili (“Kəpəz”) və Ayron Qomisi (“Kasımpaşa”, Türkiyə) də heyətinə qatmışdı. Rüstəm Əhmədzadə və İsmayıl İbrahimli isə yenidən “Qarabağ”dan icarəyə götürülüblər. Qismət Alıyev və Anar Nəzirov isə paytaxt təmsilçisi ilə yeni müqavilə bağlayıblar.

Vladislav Kulaç, İlkin Muradov (“Şamaxı”), Sezar Meza Kolli, Dimitrios Çantakias (“Panserraikos”, Yunanıstan), Rəhim Sadıxov (“Sumqayıt”), Luka Quqeşaşvili (“Panserraikos”, Yunanıstan) və Məmməd Hüseynov (“Kəpəz”) da “Zirə”nin bu yay yollarını ayırdığı futbolçulardır.

Xəbəri sosial şəbəkələrdə paylaş: