“Yuventus” Tiaqo Djalonu heyətinə qatdı

“Yuventus” portuqaliyalı mərkəz müdafiəçisi Tiaqo Djalonu Fransanın “Lill” klubundan tamhüquqlu əsasda heyətinə qatıb.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Transfer “qoca sinyora”ya demək olar ki, havayı başa gəlib. Belə ki, Turin klubu Djalonun müqabilində “Lill”ə 5,1 milyon avro məbləğ ödəyib ki, bu da portuqaliyalı futbolçunun transfer dəyərindən 3 dəfə azdır. “Yuventus” Djalo ilə müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Tiaqo Djalo futbola “Damaynse” klubunda qədəm qoyub və buradan Lissabon “Sportinq”inin futbol akademiyasına yol tapıb. Öz növbəsində, “Sportinq” 2019-cu ilin yanvarın sonlarında Djalonu “Milan”a satıb. “Milan”, U-19 komandasında yer almış portuqaliyalı müdafiəçini elə, həmin ilin avqustunda “Lill”ə transfer edib. Djalo Fransa komandasının heyətində özünə möhkəm yer edə bilib.

Djalo cari mövsümdə “Lill”in heyətində zədə səbəbindən heç bir oyun keçirməyib. Müdafiəçinin “itlər”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 102 oyun, 3 qol, 2 məhsuldar ötürmə. Djalo müdafiənin həm sol və həm də sağ cinahlarında oynaya bilir.

Tiaqo Djalonun qənimətlər muzeyində “Lill” ilə qazandığı Fransa Liqa 1 çempionluğu (2020/2021 mövsümü) və Fransa Super Kuboku (2021/2022 mövsümü) var.

Djalo Portuqaliyanın U-16, U-17, U-18, U-19, U-21 yığmalarında keçməklə, əsas yığmaya dəvət alıb, amma hələ debüt imkanı qazanmayıb. Müdafiəçi Portuqaliyanın U-17 yığması ilə “Alqarve Beynəlxalq Turniri”ndə (2017) qələbə qazanıb.

“Transfermarkt” internet-portalı portuqaliyalı mərkəz müdafiəçisinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: