Ədalət Ələkbərov: “Mənim üçün əvəzolunmaz stimuldur”

Çempionlar Liqasında çıxış edən “Araz-Naxçıvan”ın futzalçısı Ədalət Ələkbərov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib.

Arena.az xatırladır ki, UEFA Çempionlar Liqasında çıxış edən “Araz-Naxçıvan” arxada qalmış 2 oyunda maksimum xal toplayaraq turnir cədvəlinə başçılıq edir.

Təmsilçimiz sabah Avstriya çempionu “Lyuti Krayişnici” ilə gücünü sınayacaq. Bu görüşdə “qırmızı-ağlar”ı heç-heçə də qane edir. Bu dəfə “Araz-Naxçıvan”ın heyətində ilk dəfə bu cür turnirdə çıxış edən Ədalət Ələkbərov ÇL-lə bağlı təəssüratlarını bölüşüb. O, federasiyanın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Rəqibin kimliyindən asılı olmayaraq, oyunlara ciddi hazırlaşır, məsuliyyətlə yanaşırıq. Çünki bura gələndə qarşımıza konkret tapşırıq qoyulub. “Araz-Naxçıvan” növbəti mərhələyə yüksəlməlidir. Bunun üçün də yaxşı hazırlıq keçmişik. Artıq iki oyunda maksimum xal toplamışıq. Hər iki görüş məhsuldar olub”.

Gənc futzalçı debüt etdiyi Çempionlar Liqasının ab-havasından da danışıb:

“Komandanın ən gənc üzvlərindən biriyəm. Baş məşqçimiz daim nəzarətdə saxlayır. Hər iki oyunda şans verib. Bu cür yarışlarda qazanılan təcrübə əvəzsizdir. Çalışıram bu şansdan həm komandamın xeyrinə, həm də öz inkişafım üçün istifadə edim. Komandanın dəstəyini hiss edirəm, bu da gənc futzalçı üçün əvəzolunmaz stimuldur”.

Ədalət Ələkbərov son oyuna da ciddi hazırlaşdıqlarını və qələbə qazanmaq üçün mübarizə aparacaqlarını vurğulayıb:

“Hazırda turnir cədvəlində liderik. Sabahkı oyundakı rəqibimiz də bizimlə eyni sayda xal toplayıb. Düzdür, bizi heç-heçə də qane edəcək. Ancaq qələbə qazanıb, qarşıya qoyulan məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik. Meydan amili, azarkeş dəstəyi onların tərəfində olacaq. Ancaq Bakıda həm fiziki, həm də taktiki-texniki planda yaxşı məşqlər keçmişik. Onun bəhrəsini arxada qalan 2 oyunda gördük”.

Sonda onu da bildirək ki, UEFA Çempionlar Liqasının ilkin mərhələsinin F qrupunda mübarizə aparan “Araz-Naxçıvan” sabah sonuncu oyununu keçirəcək. Ölkə çempionu meydan sahibləri ilə qarşılaşacaq. Artıq bu oyuna təyinatlar da açıqlanıb.

Lyuti Krayişniçi – Araz-Naxçıvan
Hakimlər: Filipe Duarte (Portuqaliya), Orest Dutsiak (Ukrayna), Aleksandar Vangelov (Bolqarıstan).
Time kepeer: Njeqos Vuçanoviç (Avstriya).
Hakim-inspektor: Talal Daravşi (İsrail).
UEFA nümayəndəsi: Radek Lobo (Çexiya).
30 avqust. Linz. NMS İdman Sarayı. Saat 21:30.

Xəbəri sosial şəbəkələrdə paylaş: