Əliyar Ağayev Moyze Kini meydandan qovdu

FIFA referisi Əliyar Ağayev futbol üzrə Avropa Konfrans Liqasının pley-off mərhələsinin “Polesye” – “Fiorentina” oyununu idarə edib.

Arena.az xəbər verir ki, Ukrayna və İtaliya klubları arasındakı ilk qarşılaşma ötən gecə Slovakiyanın Preşov şəhərində keçirilib.

“Tatran Arena”da baş tutmuş görüş qonaqların 3:0 hesablı qələbəsiylə başa çatıb. Əliyar Ağayev bu matçda 2 sarı, 1 qırmızı vərəqəyə əl atıb. O, “Yuventus”dan tanıdığımız İtaliya millisinin üzvü, hazırda florensiyalıların şərəfini qoruyan Moyze Kini 44-cü dəqiqədə rəqibi vurduğu üçün meydandan qovub.

37 yaşlı referiyə bu oyunda yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Kamal Umudlu dördüncü hakim kimi çalışıb. Matçın VAR hakimi Robert Şröder (Almaniya), AVAR hakimi isə İnqilab Məmmədov (Azərbaycan) olub.

Sonda onu da xatırladaq ki, “Polesye”də Azərbaycan millisinin sağ vingeri Emil Mustafayev də çıxış edir. Lakin o, yeni mövsüm üçün baş məşqçinin planlarında daxil ola bilməyib. Bu üzdən də millimizin üzvü klubu tərəfindən transferə çıxarılıb. Onun karyerasını harada davam etdirəcəyi hələ bilinmir.

Xəbəri sosial şəbəkələrdə paylaş: