Olavio Juninyo 2024-cü ilin bombardirləri siyahısında yer aldı

Azərbaycan çempionu “Qarabağ”ın hücumçusu Olavio Juninyo dünyada 2024-cü ilin bombardirləri siyahısında yer alıb.

Arena.az bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir.

Braziliyalı forvard il ərzində 26 qola imza atıb. Juninyo 10 dəfə Azərbaycan Premyer Liqasında, 5 dəfə Azərbaycan Kubokunda, 11 dəfə isə avrokuboklarda rəqib qapılarına yol tapıb.

O, 54 futbolçunun olduğu siyahıda 45-ci sırada göstərilsə də, digər 9 oyunçu da 26 dəfə fərqlənib. Onların arasında ABŞ-nin “İnter Mayami” klubunda çıxış edən Luis Suares və İngiltərə təmsilçisi “Çelsi”dən Koul Palmer də var.

İsveç millisinin və Portuqaliyanın “Sportinq” klubunun üzvü Viktor Dyökereş (59 qol) birinci pillədə qərarlaşıb. Erlinq Haland (Norveç, “Mançester Siti”) 47 qolla ikincidir. İngiltərə millisinin və “Bavariya”nın əsas silahı Harri Keyn 46 dəfə fərqlənib.

Cədvəldə noyabrın 30-na qədər vurulan qollar nəzərə alınıb.

Xatırladaq ki, Olavio Juninyo “Qarabağ”a 2023-cü ilin iyul ayında Portuqaliyanın “Şaveş” klubundan 450 min avro müqabilində keçib. 27 yaşlı forvardın Ağdam klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. O, Azərbaycan çempionunun heyətində indiyə qədər 77 oyuna çıxıb, 41 qol vurub və 13 məhsuldar ötürmə müəllifi olub.

Tam adı Olavio Vieyra dos Santos Junior olan Juninyo karyerası ərzində “Fiqeyrense”, “Brazil Pelotas”, “Eştoril”, “Novorizontino”, “Atletiko Paranaense”, “Vila Nova” və “Portimonense” kimi klubların da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: