Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi Bolqarıstanın “Arda” komandası növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Bolqarıstan çempionatının 2024/2025-ci illər mövsümünün 18-ci turu çərçivəsində “Ludoqorets”lə qarşılaşıb.
“Arda” doğma meydanda baş tutan bu qarşılaşmadan ağır məğlubiyyətlə ayrılıb – 0:4.
Hüseynov bu görüşün iştirakçısı olmayıb. 21 yaşlı müdafiəçi sonadək ehtiyada qalıb.
“Arda” bu nəticədən sonra ölkə çempionatında 31 xalla 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Məğlubiyyət tanımayan və yalnız iki oyunda xal itirmiş “Ludoqorets” isə 47 xalla vahid liderdir.
Xatırladaq ki, “Arda”ya “Zirə”dən keçmiş Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 48 rəsmi oyuna çıxıb, 1 qol vurub.


