Marandiç əməliyyat olundu, Tovuz klubu ona belə dəstək oldu

Azərbaycan Kubokunun 1/8 finalının “Sabah”la oyununda ayağı qırılan “Turan Tovuz”un futbolçusu Denis Marandiç əməliyyat olunub.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, əməliyyatı uğurlu keçən futbolçu bir neçə gün həkim nəzarətində qaldıqdan sonra evə buraxılacaq.

Tovuz klubunun məlumatında o da vurğulanır ki, bundan sonrakı bütün proses klub rəhbərliyi və “Turan Tovuz” həkimlərinin nəzarətində olacaq: “Futbolçunun müalicə, reabilitasiya, bərpa və ən qısa müddətdə yaşıl meydanlara qayıtması üçün klub olaraq üzərimizə düşən bütün öhtəlikləri yerinə yetirib, əlimizdən gələni edəcəyik”.

Yeri gəlmişkən, Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində keçiriləcək “Turan Tovuz” – “Şamaxı” oyununun biletləri bu gündən etibarən satışa çıxarılıb. Biletləri Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək olar. 2 AZN-lik biletlərlə yanaşı, məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Bilet satışı həyata keçirən azsaylı klublarımızdan olan Tovuz təmsilçisi tərəfindən hər oyundan əvvəl şəhərin insanların sıx olduğu müxtəlif yerlərinə oyunla bağlı afişa vurulur. Bundan öncəki afişalar adi yazılardan ibarət olsa da, “Şamaxı” ilə oyunöncəsi poster “Sabah”la oyunda ağır zədə alan Denis Marandiçin şəkilləri ilə bəzədilib. Klub şəhər və ətraf kəndlərə 100-dən artıq afişa yerləşdirib.

Qeyd edək ki, “Turan Tovuz” – “Şamaxı” oyunu dekabrın 9-da saat 19:00-da Tovuz şəhər stadionunda baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: