“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Azərbaycan Premyer Liqasının 16-cı turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 3:2 hesabı ilə qalib gəldikləri ev oyunundan sonra bunları söyləyib:
“İki fərqli hissə izlədik. İlk yarıda həvəssiz oyun nümayiş etdirdik. Amma ikinci hissədə tam əksi oldu. Futbolçular öz xarakterlərini göstərdilər. Onlara görə sevinirəm. Ümumilikdə yaxşı təsir bağışladığmız və ya əksinə anlar oldu. Mübahisəli anlara gəlincə, hamı səhv edə bilər – məşqçilər də, oyunçular da, təbii ki, hakimlər də. Əsas odur ki, bilərəkdən olmasın. Allah hər şeyi görür.
Bu gün Denis Marandiçin yoxluğunu hiss etdik. Futbolçular Denisin formasını nümayiş etdirdilər. Uşaqlar onunla mütəmadi əlaqə saxlayır. Bu qələbəni Denisə həsr etdik.
Ən yaxşı azarkeşlər bizdədir. Onlar səfər oyunlarında da bizimlə olurlar.
Xəyal Nəcəfovun zədəsi ciddi deyil. Onun növbəti oyuna hazır olacağını gözləyirik. Bu gün Fərid Yusifli özünü yaxşı tərəfdən göstərdi. Araş Qaderini də yaxşı tanıdığıma görə meydana buraxdım. Stressli anlarda yaxşı oynamağı bacarır. Yavaş-yavaş əvvəlki formasını bərpa edir. Mən onu İrandan tanıyıram”.
Kurban Berdıyev qış fasiləsi ilə bağlı planlarından da söhbət açıb: “Fasilə müddətini federasiya müəyyənləşdirir. Təbii ki, vaxt azdır. Futbolçular yaxşı istirahət etməlidir. Biz 4-13 yanvar aralığında Türkiyədə hazırlıq keçməyi düşünürük”.
Ayxan Abbasov Georgi Kantariya ilə Adil Nağıyevin qovulduğunu açıqladı
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov isə komandasının növbəti məğlubiyyətinə belə şərh verib:
“Üzücü məğlubiyyət oldu. Oyunu iki hissəyə bölərdim. İlk yarıda 3-4 qol vura bilərdik. İkinci hissədə rəqibin təzyiq edəcəyini gözləyirdik. Belə də oldu. Gənc futbolçularımız panikaya düşdülər. Bəziləri bəlkə də ilk dəfə belə azrakeşin qarşısında oynayrdılar. Amma uşaqlar xarakter göstərdilər. Penalti olmasaydı, daha rahat ola bilərdik. Təəssüflənirəm. Kuryoz qollar buraxırıq. Bunların öhdəsindən gələcəyik. Müvəqqəti çətinlikdir. Daha yaxşı olacağıq.
Tovuzda futbolçu kimi də çıxış etmişəm. Burada oynamaq həmişə çətin olub. Premyer Liqada belə azarkeşi olan komandalara ehtiyac var. Tovuzla bağlı yaxşı xatirələrim olub.
Mövsümün əvvəlində də demişəm ki, mübarizə sona qədər gedəcək. Əksər komandalarla eyni səviyyədəyik. İndiki xalımız Premyer Liqada qalmaq üçün pis deyil. Əlbəttə, daha yaxşı ola bilərdik. Zədələr, cəzalar, bəzən rəqiblərin yaxşı oyunu nəticəyə təsir edib. Yolumuza davam edəcəyik”.
Ayxan Abbasov bu gün “Şamaxı”dan kənarlaşdırılmış Georgi Kantariya və Adil Nağıyevlə yolların ayrılmasının səbəbi barədə suala belə cavab verib:
“Sosial şəbəkələrdə bu mövzu çox gündəm oldu. Hətta deyirdilər ki, “Şamaxı” dağılır. Maddi baxımdan heç bir problemimiz yoxdur. Yaxın günlərdə rəsmi məlumat verəcəyik. İndi onu deyə bilərəm ki, iki futboloçu ilə yollarımızı ayırmışıq. Qarşıda 3 çətin oyun var. Bu gün futbolçuların göstərdiyi xarakter mənə inam verdi ki, daha yaxşı olacağıq”.
Xatırladaq ki, “Şamaxı” Kantariya ilə Nağıyevi komandadan kənarlaşdırsa da, klub hələ bununla bağlı rəsmi açıqlama yaymayıb. Futbolçuların məşqdə dalaşdıqları üçün qovulduğu bildirilir. Bir neçə gün öncə İlkin Muradov da oxşar problemə görə “Şamaxı”dan qovulmuş və nəticədə azad agent kimi “Səbail”ə keçmişdi. Amma bu ayrılıqların başqa səbəblərlə, hətta danışılmış oyunlarla da bağlı olduğu iddia edilir.


