Millimizin Avropa çempionatındakı potensial rəqibləri

Bu gün keçirilən oyunlarla futzal üzrə Avropa çempionatının seçmə mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, qitə birinciliyinin final mərhələsində iştirak edəcək 15 iştirakçının adı artıq məlumdur.

Hazırda sadəcə, bir iştirakçının adı məlum deyil. Sonuncu vəsiqənin sahibi Belarus və Serbiya yığmaları arasında baş tutacaq pley-off oyunlarından sonra müəyyənləşəcək. Sözügedən komandalar 14-17 noyabr tarixlərində pley-off oyunlarında üz-üzə gələcəklər. Qalib gələcək milli gücünü AÇ-nin final mərhələsində sınayacaq.

Meydan sahibi: Niderland.

Qrup qalibləri: Azərbaycan, Bosniya və Herseqovina, Xorvatiya, İtaliya, Qazaxıstan, Portuqaliya, Rusiya, İspaniya.

Qrup ikinciləri: Finlandiya, Gürcüstan, Polşa, Slovakiya, Sloveniya, Ukrayna.

Qeyd edək ki, Avropa çempionatı 2022-ci ildə, 19 yanvar – 6 fevral tarixləri aralığında Niderlandda keçiriləcək. AÇ-nin final mərhələsində ilk dəfə olaraq 16 komanda iştirak edəcək.

Azərbaycan milli komandası tarixində altıncı dəfə qitə birinciliyində iştirak hüququ qazanıb. Komandamız seçmə mərhələdə Slovakiya, Moldova və Yunanıstanın da yer aldığı 3-cü qrupdan 5 qələbə və 1 heç-heçə sayəsində 16 xal toplayıb.

Azərbaycan yığmasının Avropa çempionatlarındakı ən yaxşı nəticəsi dördüncü yeri tutmaq olub. Komandamız buna AÇ-2010-da nail olub. AÇ-2010-da qitə birinciliklərində debüt edən millimiz həmin dövrdən bəri final mərhələsinin daimi iştirakçısına çevrilib. AÇ-2018-ci ildə komandamız 1/4 finala qədər irəliləyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: