Azərbaycan millisi üçün 200-cu qol!

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə Yunanıstana qarşı keçirdiyi ev oyunu ilə yekun vurdu.

Arena.az xəbər verir ki, Ellada təmsilçisi ilə duel komandamız üçün yubiley qolunun vurulması ilə də əlamətdar oldu.

Belə ki, millimiz daha öncə iştirakçısı olduğu Avropa çempionatının seçmə və final mərhələlərində 178 qol vurmuşdu. Futzalçılarımız cari seçmə mərhələdə isə rəqib torunu 22 dəfə silkələdi. Bununla da qitə birinciliklərində 200-cu qol vuruldu. Qolun müəllifi isə Yunanıstanla oyunda rəqibi 4-cü dəfə meydanın mərkəzinə dəvət edən Ramiz Çovdarov oldu.

Qeyd edək ki, ilk dəfə 1995-ci il oktyabrın 23-də Hollandiyada keçirilmiş Avropa çempionatının seçmə mərhələsində Polşa ilə görüşdə debüt edən və 6:4 hesabı ilə qələbə qazanan Azərbaycan millisi indiyə qədər 57 matçda gücünü sınayıb. Bu oyunlardan 28-də qələbə qazanan millimiz 10 matçda heç-heçə edib, 19 qarşılaşmada isə xalsız qalıb. Öz qapısından 175 top buraxan futzalçılarımız rəqib torunu 200 dəfə silkələyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: