İlqar Aslanov: “Oyunların ağırlığını nəzərə almışıq”

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin (U-19) baş məşqçisi İlqar Aslanov hazırda davam təlim-məşq toplanışını dəyərləndirib.

Arena.az xatırladır ki, Avropa çempionatının əsas mərhələsi çərçivəsində martın 26-da Bosniya və Herseqovina, ertəsi gün Xorvatiya, martın 29-da isə Türkiyənin müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşacaq U-19 millimizin təlim-məşq toplanışı davam edir.

Martın 16-dan toplanışa başlamış komandamız ayın 25-də qrup oyunlarının keçiriləcəyi Xorvatiyaya yola düşəcək. Hazırlıqla bağlı baş məşqçi İlqar Aslanov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib:

“Xalqımızı, futzal ictimaiyyətini Novruz bayramı münasibəti ilə təbrik edir, can sağlığı, gümrahlıq, sülh, əmin-amanlıq, bərəkətli illər arzulayırıq. Hazırlıq plana uyğun şəkildə davam edir. Gün ərzində iki məşq keçirik. Fiziki hazırlığı yüksəltməyə çalışırıq, eyni zamanda taktiki planda tapşırıqlar yerinə yetiririk. Uşaqlar istəklidirlər. 2-3 nəfərin zədəsi var. Həkim səfərə qədər onları müalicə etməyə çalışır. Bu mərhələyə də ikisi qapıçı olmaqla ümumilikdə 12 futzalçı ilə yollanacağıq.

Səfərə qədər 2 oyun keçirəcəyik. Bu gün “Araz-Naxçıvan”la yoxlama, sabah isə çempionatın lideri “Baku Fire” ilə rəsmi matçda üz-üzə gələcəyik. İki gün ərzində iki güclü rəqiblə qarşılaşmaq da qrup oyunlarına hazırlığın tərkib hissəsidir. Çünki komandamız martın 26-da və 27-də müvafiq olaraq Bosniya və Herseqovina və Xorvatiya ilə üz-üzə gələcək. Biz də oyunların ağırlığını və intensivliyini nəzərə almışıq.

Rəqiblərə gəldikdə, Bosniya və Herseqovinanın iki oyununu izləmişik. Serbiya ilə matçın birində yenildilər, digərində qələbə qazandılar. Oyun üslubunu, zəif və güclü tərəflərini aydınlaşdırmağa çalışdıq. Xorvatiya və Türkiyə yığmaları haqda isə şifahi məlumatım var. Xorvatiya Avropanın ən güclülərindəndir və qrup oyunlarına ev sahibliyi edəcəklər. Türkiyə futzalı da son illərdə inkişafdadır”.

İlqar Aslanov qarşıdakı oyunlar üçün hədəflərini də açıqlayıb:

“İstənilən halda yaxşı nəticə qazanmaq üçün mübarizə aparacağıq. Bilirik ki, güc baxımından bu mərhələdə qarşılaşacağımız rəqiblərlə yanvarda üz-üzə gəldiyimiz komandalar müqayisə olunmayacaq dərəcədə fərqlidirlər”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: