Azərbaycan millisi Haiti yığmasına böyük hesabla uduzdu

2024-cü ilin noyabr ayından bəri istirahətdə olan futbol üzrə Azərbaycan millisi bu gün 2025-ci ildəki ilk sınağına çıxıb.

Arena.az xəbər verir ki, Fernando Santosun rəhbərlik etdiyi yığmamız Haiti milli komandasını qəbul edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutmuş görüşü Türkiyədən olan hakimlər briqadası idarə edib. Oyunun baş hakimi Kadir Sağlam olub.

Fernando Santosun gəlişindən bəri qələbəyə həsrət olan Azərbaycan millisi bu uğursuz seriyaya son qoymağa çalışıb. Komandamız təcrübəli portuqal mütəxəssisin rəhbərliyi altında bunadək 6 oyun keçirmişdi, cəmi 1 heç-heçə etdiyi halda 5 görüşdə məğlubiyyətə üzülmüşdü. Top fərqi də biabırçı mənzərə yaradırdı – 3:17.

Azərbaycan millisi tarixində ilk dəfə Haiti ilə qarşılaşıb. KONKAKAF təmsilçisi yığmamızın tarixində 72-ci rəqib olub. İlk rəsmi matçına 1992-ci ildə çıxmış millimiz bu oyunadək 71 fərqli komanda ilə üz-üzə gəlmişdi. Haiti KONKAKAF-dan olan 5-ci rəqibimiz idi. Bunadək millimiz Trinidad və Tobaqo, ABŞ, Kanada və Hondurasla görüşmüşdü.

Sumqayıtda baş tutmuş matç komandamızın tarixində 306-cı sınaq olub. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynamış, 3:6 hesabı ilə uduzmuş komandamız Haitiyədək 305 oyuna çıxmışdı. Bu müddətdə 61 qələbə qazanmış futbolçularımız 79 heç-heçəyə nail olmuşdular və 165 dəfə uduzmuşdular. Əvvəlki 305 qarşılaşmada 235 qol vurmuş futbolçularımız 510 top buraxmışdılar.

Bu, millinin yoxlama oyunları çərçivəsində 140-cı matçı olub. Daha öncə 139 belə qarşılaşma keçirmiş Azərbaycan millisi 40 qələbə qazanmış, 45 heç-heçə etmiş və 54 dəfə xalsız qalmışdı. 134 qol vurmuş millimiz 175 top buraxmışdı.

Ev matçı Fernando Santosun baş məşqçi postunda ilk yoxlama oyunu olub. Portuqal mütəxəssisin əvvəlki bütün sınaqları rəsmi oyunlara təsadüf etmişdi. Təəssüf ki, Santos ilk yoxlama matçında da biabırçı hesabla məğlubiyyət görüb. Komandamız Haitiyə 3 cavabsız qolla uduzub.

Azərbaycan millisi cəmi bir neçə gün sonra doğma meydanda daha bir sınaq matçına çıxacaq. Belə ki, “Masazır Arena”da Belarus yığması ilə qarşılaşma baş tutacaq.

Yoxlama oyunu
22 mart

Azərbaycan – Haiti 0:3
Qollar: Frontsdi Pyerro, 9; 62. Denli Jan-Jak, 83.
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 84 (ikinci sarı).
Baş hakim: Kadir Sağlam (Türkiyə).
Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta (hər ikisi Türkiyə).
Dördüncü hakim: Fərid Hacıyev (Azərbaycan).
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 21:45.

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov (k), 3. Elvin Cəfərquliyev, 13. Rahil Məmmədov, 6. Ozan Can Kökçü, 7. Coşqun Diniyev, 20. Aleksey İsayev, 17. Toral Bayramov, 19. Nəriman Axundzadə, 10. Mahir Emreli.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 8. İsmayıl İbrahimli, 9. Renat Dadaşov, 11. Ağadadaş Salyanski, 14. Zamiq Əliyev, 16. Elvin Camalov, 18. Səbuhi Abdullazadə, 21. Mert Çelik, 22. Musa Qurbanlı, 24. Xəyal Əliyev, 25. Şahin Şahniyarov.
Baş məşqçi: Fernando Santos.

Haiti: 1. Aleksandr Pyer, 22. Jan-Kevin Düvern, 4. Rikardo Ade, 8. Martin Eksperiens, 2. Karlens Arkus, 14. Leverton Pyer, 17. Denli Jan-Jak, 21. Kristofer Attis, 20. Frontsdi Pyerro, 10. Luisius Don Didson, 9. Dukkens Nazon.
Ehtiyat oyunçular: 12. Qarrison İnnosent, 23. Luis Odelus, 3. Fransua Düliss, 5. Peterson Pyer-Luis, 6. Teo Mişel, 7. Ruben Providens, 11. Dani Jan, 13. Dük Lakroa, 15. Vilquen Poqan, 16. Mondi Prunye, 18. Karl Fred Sante, 19. Emerson Less.
Baş məşqçi: Sebastyen Minye.

Xəbəri sosial şəbəkələrdə paylaş: