İlqar Aslanov: “Daha yaxşı nəticə gözləyirdik”

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin (U-19) baş məşqçisi İlqar Aslanov Türkiyəyə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, bu gün Avropa çempionatının (AÇ-2025) əsas seçmə mərhələsi çərçivəsində Xorvatiyanın Omiş şəhərindəki “Ribnyak” İdman Sarayında Türkiyə yığması ilə qarşılaşan U-19 millimiz bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Milli komandamızın baş məşqçisi İlqar Aslanov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bu məğlubiyyət barədə bunları söyləyib:

“Bu matça qədər 1 gün istirahət etsək də, yorğunluq özünü göstərdi. Bəzi oyunçularımızda yenə həyəcan var idi. Təcrübəsizlik də özünü büruzə verirdi. Xüsusilə də birinci hissədə 2 real qol epizodundan istifadə edə bilmədik. Əvəzində onlar bizə qol vurdular. Ən əsası bu turnir bizə təcrübə qazandırdı.

Turnirdə 3 oyun keçirdik və bir heç-heçə etdik. Deyərdim ki, imkanlarımızdan aşağı çıxış etdik. Daha yaxşı nəticə gözləyirdik. Yenə deyirəm, təcrübəsizliyin əziyyətini çəkdik.

Komandamızda perspektivli və potensiallı futzalçılar var. Bu cür turnirlərdə təcrübə toplamaqla gələcəkdə A milliyə də yüksələ bilərlər”.

Qeyd edək ki, İlqar Aslanovun yetirmələri AÇ-nin əsas mərhələsindəki ilk oyununda Bosniya və Herseqovinaya 2:10 hesabıyla uduzmuş, ardından Xorvatiya ilə “sülh bağlamışdı” – 3:3.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: