Birinci Liqa təmsilçisi “Mingəçevir”də baş məşqçi Füzuli Məmmədov ilə rəhbərlik arasında fikir ayrılıqlarının yarandığı barədə xəbərlər dolaşır.
Arena.az xəbər verir ki, əyalət klubu bu xəbərlərlə bağlı rəsmi açıqlama yayıb.
Açıqlamada bunlar qeyd olunub:
“Son günlər komandamızın baş məşqçisi Füzuli Məmmədovun postunu tərk edəcəyi ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayılıb. “Mingəçevir” FK olaraq bəyan edirik ki, klub bu ilin yanvarında 3 illik müqaviləyə imza atan Fizuli müəllimin fəaliyyətindən məmnundur və onunla əməkdaşlığı davam etdirməkdə maraqlıdır”.
Füzuli Məmmədov özü də bu barədə açıqlama verib. O, saytımıza açıqlamasında son xəbərləri təkzib edib:
“Mingəçevir”dən ayrılacağımla bağılan məlumatlar yalandır. Klubla yanvarda 3 illik müqavilə bağlamışam. Əməkdaşlıqdan qarşılıqlı şəkildə məmnunuq. Rəhbərliklə müntəzəm əlaqə saxlayır, fikir mübadiləsi aparırıq. Bu xəbərləri məqsədli şəkildə yayırlar. Görünən budur ki, kimlərsə komandada ruh düşkünlüyü yaratmaq üçün hər yola əl atırlar. Heç yerə getmirəm, öz işimi davam etdirirəm. Hazırda yalnız qarşıdakı matçlar barədə düşünürəm”.
Qeyd edək ki, “Mingəçevir” cari mövsümdə keçirdiyi 20 oyunda cəmi 5 qələbə qazanıb, 6 heç-heçə və 9 məğlubiyyət görüb. 21 xala malik Mingəçevirin eyniadlı təmsilçisi 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.


