Vitali Borisov: “Eyni səhvləri təkrarladıq”

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov bu gün İsveç yığmasına qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, Avropa çempionatının əsas mərhələsi çərçivəsində səfərdə İsveç millisinin qonağı olan yığmamız 3:4 hesabıyla məğlub olub.

Vitali Borisov matçdan sonra Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Oyuna yaxşı başladıq və ardıcıl 2 top vurduq. Fasiləyə qədər azı 2-3 epizodda da fərqlənə bilərdik. Birinci hissədəki çıxışdan razı qaldım. Düzdür, onlar da iki qol vurdular. Topu itirdik və əks-hücumda yaxalandıq. İkinci hissədə isə “5-in 4-də” olan zaman müdafiə oluna bilmədik. Eyni səhvləri təkrarladıq. Bakıdakı oyunda onlar necə qol vurmuşdularsa, burada da onu təkrar etdilər. Halbuki videobaxış zamanı göstərdik, necə oynamalı olduqlarını başa saldıq, məşq prosesində də üzərində işləyirdik. Söz tapmıram deməyə… Belə deyim də, əlimizdə olan bütün futzalçıları həmin mövqelərdə yoxlamışıq və nəticə ala bilmirik. Bir az da fiziki gücümüz çatmadı. Son 10 dəqiqədə demək olar, fiziki baxımdan çatdırmadıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: