“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev yarımmüdafiəçilər Anton Kraçkovski və Tural Bayramlının xidmətindən imtina etməyə hazırlaşır.
Arena.az saytının əldə etdiyi məlumata görə, bu futbolçular türkmən mütəxəssisin ümidlərini doğrultmayıblar.
Xüsusilə də Berdıyevin Mahaçqala “Dinamo”sundan tanıdığı və icarə əsasında Tovuz klubuna dəvət etdiyi Kraçkovski onun istədiyi performansı göstərə bilmir. 22 yaşlı futbolçu Tovuz klubunun heyətində cəmi 10 oyuna çıxıb və 1 sarı vərəqə ilə yadda qalıb. Baş məşqçi yarımmüdafiəçinin məşqlərdə özünü doğruldacağına ümid bəsləsə də, Kraçkovski onu razı sala bilməyib. Berdıyev artıq yanlış transfer etdiyini anlayıb və rusiyalı futbolçunun mövsüm bitən kimi komandadan göndərilməsində qərarlıdır.
Eyni sözləri Tural Bayramova da aid etmək olar. Onun da mövsüm bitəndən sonra komandadan göndərilməsi ehtimalı yüksəkdir. Tural da cari mövsümdə meydana çıxdığı 8 oyunda heç bir məhsuldarlıq nümayiş etdirməyib və baş məşqçi onun da performansından narazıdır.
Qeyd edək ki, “Turan Tovuz” cari mövsümə çox uğurlu başlasa da, son dövrlərdə qələbə qazana bilmir. Məhz bu üzdən komanda liderlər qrupundan xeyli aralı düşüb. Tovuz təmsilçisi 44 xalla 4-cü pillədə qərarlaşıb. Berdıyevin rəhbərlik etdiyi kollektiv 29 oyunda 11 qələbə, 11 heç-heçə və 8 məğlubiyyət görüb.
“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində doğma meydanda əsas rəqiblərindən olan “Sabah”la üz-üzə gələcək. Tovuz şəhər stadionunda keçiriləcək oyuna saat 17:00-da start veriləcək.


