“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 30-cu turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, türkmən mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Layiqli qələbə qazandığımızı düşünürəm. Matça yaxşı başlamamışdıq. Buna baxmayaraq, ikinci hissədə oyunun gedişatını tamamilə dəyişdik. Ümid edirəm ki, bu qələbə komandaya əlavə motivasiya verəcək.
İkinci hissədə 4 müdafiəçiyə keçdik və Jonu irəliyə buraxdıq ki, orada təzyiq etsin. Bu da işə yaradı.
Üzərimizdə psixoloji təzyiq var idi. Bu qələbədən sonra təzyiqin aradan qalxdığını düşünürəm”.
Kurban Berdıyev matçın ilk hissəsində qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılmasına da aydınlıq gətirib:
“Karyeramda ilk qırmızı vərəqə idi. Emosiyalar var idi. Bu cür davranmalı deyildim. Rəqibin hücumçuları Hurtadoya qarşı açıq ayaqla oynayırdılar. Amma hakim səssiz qalırdı. Etirazım buna idi. Oyuna tribundan baxmağa gəlincə, bir daha oyunu oradan izləmək istəmərəm”.
“Sabah”ın baş məşqçisi Vasili Berezutski isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:
“Oyunu iki hissəyə bölə bilərik. Qırmızı vərəqəyə qədər olan hissə və “qırmızı”dan sonrakı hissə. Futbolçularıma təşəkkür edirəm, ona qədər döyüşdülər. Amma əfsuslar olsun ki, hesabı bərabərləşdirə bilmədik.
Qırmızı vərəqə epizoduna gəlincə, mənim üçün aydın olmayan, futbolla əlaqəsi olmayan qırmızı vərəqə idi. Biz hücuma davam edirdik. Hakim oyunu saxladı və Pavol Şafrankoya qırmızı vərəqə verdi.
Əllərimizi aşağı salıb ruhdan düşməyəcəyik. Amma avrokuboklara vəsiqə qazanmaq baxımından kubok bizim üçün prioritetdir”.


