Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının (AÇ-2026) əsas mərhələsi çərçivəsində sonuncu matçına çıxıb.
Arena.az xəbər verir ki, 5-ci qrupun autsayderi olan yığmamız lider Xorvatiya millisi ilə qarşılaşıb.
Qrup birinciliyini daha öncə təmin etmiş rəqiblə görüşdə sensasiyaya ümid edən Vitali Borisovun yetirmələri ilk qələbənin həsrətindəydi. Lakin Bakı İdman Sarayında baş tutmuş görüş yığmamız üçün uğursuz alınıb. Fasiləyə qədər rəqib 3 qol vurub və hesabda üstünlük qazanıb. İkinci hissədə komandamız Oktay Rüstəmli ilə fərqi azaltsa da, rəqibin yenidən fərqlənməsinə mane ola bilməyib. Yekunda qələbə qazanan Xorvatiya yığması AÇ-2026-nın final mərhələsinə yenilgisiz vəsiqə qazanıb.
Qrupun digər görüşündə Yunanıstan və İsveç yığmaları üz-üzə gəliblər. Yunanlar doğma meydanda uduzsalar da, ikinci yeri tutublar. Azərbaycan millisi isə 2 xalla sonuncu olub.
AÇ-2026-nın əsas mərhələsi
5-ci qrup
15 aprel
Azərbaycan – Xorvatiya 1:4
Qollar: Oktay Rüstəmli, 21:05 – David Mataya, 5:56; 11:05. Yosip Yurlina, 8:48. Nikola Qudasic, 31:33.
Hakimlər: Yianqos Yianqu, Nikolas Nikolau, Theoxaris Theoxarus (hamısı Kipr).
Bakı İdman Sarayı.
Azərbaycan: 1. Emin Kürdov (k), 5. Oktay Rüstəmli, 7. Xəzər Ağalızadə, 10. Murad Quluzadə, 14. Tofiq Mikayılov, 12. Vladislav Reznov, 8. Rüstəm Bağırov, 3. Kənan Manafov, 4. Fərid Atakişiyev, 6. Mirzə Əmirov, 9. Emil Həsənzadə, 2. Eldar Zeynalov, 17. Nurlan Mehdizadə, 20. Novruz Kazıxanov.
Baş məşqçi: Vitali Borisov.
Xorvatiya: 12. Vinka Rozqa, 4. Duye Kustura, 10. Yosip Yurlina, 16. Marko Kuraya, 17. Antonio Sekuliç (k), 1. Ante Pipliça, 20. Nikola Çizmiç, 3. Nikola Qudasiç, 5. Dean Moravaç, 6. David Barbariç, 7. Kristian Çekol, 8. Niko Vukmir, 11. Yakov Hrstiç, 15. David Mataya.
Baş məşqçi: Marinko Mavroviç.
Xallar: Xorvatiya – 18. Yunanıstan – 7. İsveç – 7. Azərbaycan – 2.


